Reyestrin aparılması, saxlanılması və ona nəzarət operator tərəfindən həyata keçirilir.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
utilizatorlar barədə məlumatlar;
utilizatorların qeydiyyatı və ləğvi barədə məlumatlar;
qeydiyyata alınma və dəyişikliklər üçün təqdim edilmiş sənədlər, qeydiyyatın ləğvi üçün əsaslar və müvafiq faktı təsdiq edən sənədlər.
Reyestrə utilizatorlar barədə aşağıdakı məlumatlar daxil edilir:
hüquqi şəxs olan utilizatorun tam adı, təşkilati-hüquqi forması, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları;
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan utilizatorun soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları;
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
utilizatorun səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs reyestrdə qeydiyyata alınmaq üçün operatora ərizə ilə müraciət edir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;
səlahiyyətli nümayəndənin (təmsilçinin) səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və müsbət dövlət ekoloji ekspertiza rəyi;
texniki-iqtisadi əsaslandırma sənədi;
bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab verməsini təsdiq edən sənədlərin surətləri.
Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır. Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır.
Reyestrdə qeydiyyata alınmaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir. Bütün çatışmazlıq və uyğunsuzluqlar ərizəçiyə eyni anda bildirilməlidir.
Ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. Çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin reyestrdə qeydiyyata alınmaq üçün yenidən müraciət etmək hüququ vardır.
Sənədlərdə və məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olmadıqda ərizəçinin reyestrdə qeydiyyata alınması və ya ərizəçi reyestrdə qeydiyyata alınmaq üçün bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab vermədiyi hallarda onun reyestrdə qeydiyyata alınmasından imtina haqqında əsaslandırılmış qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.
Ərizəçinin reyestrdə qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində ona dair məlumatlar reyestrə daxil edilərək bu barədə ərizəçiyə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada məlumat verilir.
Utilizatorlara vahid və təkrarolunmaz 11 (on bir) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir və reyestrdə əks olunur.
Aşağıdakı hallarda utilizatorların qeydiyyatı ləğv edilir və onlar reyestrdən çıxarılır:
utilizatorun bu barədə ərizəsi olduqda;
hüquqi şəxs olan utilizator ləğv edildikdə;
fiziki şəxs olan utilizator öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
bu Qanunun 14-4-cü və 14-6-cı maddələrində nəzərdə tutulan tələblərin və vəzifələrin yerinə yetirilməməsi ilə bağlı bir təqvim ili müddətində 3 (üç) dəfədən artıq qanunla müəyyən olunan məsuliyyətə cəlb edilərək barəsində qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar olduqda.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin on dördüncü hissəsinin beşinci abzasında nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərarlar qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində onların surətini operatora göndərir.
Utilizatorun qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə müvafiq qeyd aparılır.
Reyestrdə qeydiyyata alınmış utilizatorlar bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdiyi gündən 5 (beş) iş günü müddətində həmin dəyişikliyin reyestrə daxil edilməsi məqsədilə operatora məlumat verməlidirlər.
Dəyişikliklərin qeydiyyatı bu maddənin dördüncü hissəsində, beşinci hissəsinin ikinci – dördüncü abzaslarında və altıncı – on ikinci hissələrində nəzərdə tutulan qaydada həyata keçirilir.
Reyestrdə dəyişiklik edilərkən qeydiyyat nömrəsi dəyişilmir.
Utilizatorların reyestrdə qeydiyyatı və reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.
Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.
Reyestr kitabı qaytanlanır, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır və möhürlənir.