Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətlə bağlı aşağıdakı vəzifələri vardır:
utilizasiya prosesində ətraf mühitə zərərli maddələrin atılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda tullantıların utilizasiyası sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növlərini və ya hərəkətləri müvafiq lisenziya və ya icazə alındıqdan sonra həyata keçirmək;
yanacaq çənini, partlayıcı xüsusiyyətə malik detalları (xüsusilə hava yastıqlarını), o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələri təhlükəsiz qaydada sökmək;
yanacaq, mühərrik və transmissiya yağı, hidravlik ötürücü sistemlərin mayeləri, soyuducu və əyləc mayeləri, kondisioner sistemindəki mayelər və digərləri daxil olmaqla mayeləri ayrı-ayrı hermetik qablara boşaltmaq;
təhlükəli tullantıları çeşidləyərək ayrı toplamaq və onlarla bağlı bu Qanunun tələblərinə uyğun tədbirləri həyata keçirmək;
toplanmış tullantıları onların təkrar emalını və ya zərərsizləşdirilməsini həyata keçirən ixtisaslaşmış şəxslərə satmaq və ya təhvil vermək;
birbaşa utilizasiya proseslərinə yalnız peşə hazırlığına malik olan işçi heyətini cəlb etmək;
birbaşa utilizasiya proseslərinə cəlb edilən işçi heyətinin əməyin mühafizəsi üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan vəzifələrin və bu Qanunun 14-4-cü maddəsində nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.