1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. turizm – fiziki şəxslərin getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, mədəni, tarixi və təbii irslə tanışlıq, sağlamlıq, bərpa və digər məqsədlərlə daimi yaşadığı ölkənin (yerin) hüdudlarından kənara müvəqqəti səyahəti;
1.1.2. turist – turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxs;
1.1.3. turizm ehtiyatları – səyahət edilən ölkənin (yerin) mədəni, tarixi və təbii irsi, infrastruktur obyektləri və turistlərin tələb və ehtiyaclarını təmin edə bilən digər obyektlərin məcmusu;
1.1.4. turizm məhsulu – turizm ehtiyatlarının turistlərin maraq dairəsinə uyğun olaraq müəyyən məzmun əsasında sistemləşdirilmiş məcmusu;
1.1.5. turistlərin təhlükəsizliyi – turistlərin həyat və sağlamlığının, əmlakının qorunması, habelə onlara dair fərdi məlumatların yayılmasının qarşısının alınması;
1.1.6. dövlət turizm orqanı – turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.7. turizm və rekreasiya zonaları – xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət daşıyan, təbiəti mühafizə, tarixi və mədəni irsi qoruma, turizmin dayanıqlı təşkili və davamlı inkişafı, investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan, habelə sahibkarlıq subyektlərinin inkişafına kömək edən, sərhədləri dəqiq müəyyən edilmiş turizm əhəmiyyətli ərazilər;
1.1.8. Turizm Reyestri – turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumat bazasını, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və həmin məlumatların monitorinqinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatı;
1.1.9. turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlər;
1.1.10. turizm sənayesi – turizm xidmətləri və turizm təlimi xidmətləri göstərən, turizm-təbliğat fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə turizm sənaye assosiasiyalarının məcmusu;
1.1.11. turizm fəaliyyəti – turizm xidmətləri göstərən şəxslərin fəaliyyəti;
1.1.12. turoperator – turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxs;
1.1.13. turagent – turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs;
1.1.14. turizm zərfi – müəyyən müddət üçün və müəyyən qiymət əsasında turoperator tərəfindən formalaşdırılan, iki və daha çox turizm xidmətini özündə birləşdirən turizm məhsulu;
1.1.15. tur – xüsusi proqram əsasında müəyyən müddətdə təşkil olunan turizm məqsədli səfərlər;
1.1.16. turizm marşrutu – coğrafi məkanlar üzrə özündə müəyyən məzmunu ehtiva edən turizm ehtiyatlarını və turizm xidmətlərini birləşdirən, dövlət turizm orqanı tərəfindən təsdiq edilən marşrut;
1.1.17. turizm yollayışı – ciddi hesabat blankı olub, turizm zərfinə daxil olan xidmətlərin dəyərinin ödənildiyini təsdiq edən sənəd;
1.1.18. turizm vauçeri – turizm zərfində nəzərdə tutulan turizm xidmətləri üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyini təsdiq edən sənəd;
1.1.19. turizm bələdçisi – bələdçilik etdiyi ölkə (yer) və onun turizm ehtiyatları barədə zəruri bilik və bacarıqlar əsasında tur çərçivəsində turistləri müşayiət edən və onları lazımi məlumatla təmin edən, səfər edilən turizm məkanları barədə izahlar verən fiziki şəxs;
1.1.20. yerləşmə vasitələri – ödənişli əsaslarla yerləşmə xidməti göstərən mehmanxanalar (hotellər), mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər obyektlər;
1.1.21. mehmanxana (hotel) – qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsi;
1.1.22. birgünlük ziyarətçi – turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) gecələməmək şərtilə müvəqqəti olan fiziki şəxs.