2.1. Turistlərin səyahət istiqamətindən asılı olaraq turizmin aşağıdakı formaları vardır:
2.1.1. daxili turizm – Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahəti;
2.1.2. gəlmə turizm – yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahəti;
2.1.3. getmə turizm– Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara turizm məqsədli səyahəti.
2.2. Turistlərin səyahət məqsədindən asılı olaraq turizmin aşağıdakı növləri vardır:
2.2.1. mədəni turizm – səyahət edilən ölkənin (yerin) maddi və qeyri-maddi mədəni irsi ilə tanışlıq məqsədli turizm;
2.2.2. ekoloji turizm (ekoturizm) – təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm;
2.2.3. kənd (icma) turizmi – turistlərin kənd təsərrüfatı obyektlərində (ferma, əkin sahələri, bağ, bostan, üzümlük və s.) təsərrüfat fəaliyyətində iştirakı (aqroturizm), kənd həyat tərzi, yerli ərazinin təbii, tarixi və mədəni dəyərlərinin öyrənilməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə müşayiət olunan turizm;
2.2.4. macəra turizmi – turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm;
2.2.5. sağlamlıq turizmi – turistlərə səyahət etdikləri ölkədə (yerdə) müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin (tibbi turizm), təbii müalicə ehtiyatları və müalicə-sağlamlaşdırma yerlərindən istifadə etməklə rekreasiya xidmətlərinin (rifah turizmi) göstərilməsini nəzərdə tutan turizm;
2.2.6. işgüzar turizm – işgüzar tədbirlərdə (görüşlər, seminarlar, konfranslar, konqreslər, sərgilər və s.) iştirak məqsədilə həyata keçirilən turizm;
2.2.7. qastronomiya turizmi – turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və qida məhsulları, yerli qida istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm;
2.2.8. sahil və su turizmi – turistlərin su obyektlərinin sahillərində və su nəqliyyat vasitələrində göstərilən xidmətlərdən istifadə və istirahətlərinin təşkili, su idman növləri ilə məşğul olmasını özündə ehtiva edən turizm;
2.2.9. dağ turizmi – özünəməxsus landşaft, topoqrafiya, iqlim, bioloji müxtəliflik (flora və fauna) xüsusiyyətləri olan dağlıq ərazilərdə həyata keçirilən turizm;
2.2.10. idman turizmi – idman yarışlarında iştirak etmək və ya idman yarışlarını izləmək məqsədli turizm.