13.1. Turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesi subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq açıq hesab edilən məlumatların əldə olunmasını, turizm sahəsində elektron xidmətlər göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət turizm orqanı Turizm Reyestrini (bundan sonra - Reyestr) yaradır və həmin reyestrin elektron formada aparılmasını təmin edir.
13.2. Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.
13.3. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.
13.4. Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.
13.5. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla, Reyestrə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və həmin məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla istifadə olunur.