Qanunvericilik › Turizm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Turistlərin hüquq və vəzifələri

Turizm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Turistlərin aşağıdakı hüquqları vardır:

14.1.1. getdiyi ölkənin (yerin) ərazisinə daxil olma, orada olma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə məlumat almaq;

14.1.2. müvəqqəti olduğu ölkədə (yerdə) mövcud olan məhdudiyyətlər nəzərə alınmaqla, hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından istifadə etmək;

14.1.3. təxirəsalınmaz tibbi yardım almaq;

14.1.4. şəxsi və əmlak təhlükəsizliyinin təmin edilməsini, fərdi məlumatlarının qorunmasını tələb etmək;

14.1.5. təklif edilən turizm zərfinin (turizm xidmətinin) xüsusiyyətləri, turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin şərtləri haqqında tam, dəqiq və düzgün məlumat almaq;

14.1.6. turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək.

14.2. Turistlərin vəzifələri aşağıdakılardır:

14.2.1. müvəqqəti olduğu ölkənin (yerin) qanunvericiliyinə riayət, adət-ənənələrinə və dini etiqadlarına hörmət etmək;

14.2.2. müvəqqəti olduğu ölkənin (yerin) təbii, tarixi və mədəni irsinə qayğı ilə yanaşmaq, onların mühafizəsi ilə bağlı qaydalara əməl etmək və ətraf mühitə ziyan vurmamaq;

14.2.3. müvəqqəti olduğu ölkənin (yerin) konstitusiya quruluşunun, suverenliyinin, ərazi bütövlüyünün, dövlət təhlükəsizliyinin və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərə, həmin ölkədə (yerdə) əhalinin sağlamlığına zərər vura bilən, habelə həmin ölkənin (yerin) qanunvericiliyi ilə qadağan edilən digər hərəkətlərə yol verməmək;

14.2.4. yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam, yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl etmək.

14.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) turistlərin bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində qeyd olunan hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver