Qanunvericilik › Turizm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Turizm ehtiyatlarından istifadənin ümumi şərtləri

Turizm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Turizm fəaliyyəti həyata keçirilərkən təbii, mədəni və tarixi irsin, ətraf mühitin qorunub saxlanmasına diqqət yetirilməli, həmin turizm ehtiyatları geniş ictimaiyyət üçün açıq olmalı, həmçinin bu obyektlərə giriş dini etiqad azadlığına, adət və ənənələrə mane olmamaq şərtilə təmin olunmalıdır.

18.2. Turizm ehtiyatları barədə ictimaiyyətin məlumatlandırılması və turistlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə dövlət turizm orqanı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin edir. Turizm ehtiyatları barədə məlumatverici-göstərici lövhələrin yol kənarında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir.

18.3. Azərbaycan Respublikasının turizm ehtiyatlarının planlı və məqsədyönlü şəkildə təbliğini təmin etmək məqsədilə dövlət orqanları (qurumları) tərəfindən turizm sahəsində təbliğat-təşviqat fəaliyyəti dövlət turizm orqanı ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

18.4. Turizm sənayesinin subyektləri turizm fəaliyyətini həyata keçirərkən fəaliyyətlərinin turizm ehtiyatlarına potensial zərərli təsirinin qarşısını almalıdırlar.

18.5. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən, təbii müalicə ehtiyatları və müalicə-sağlamlaşdırma yerlərindən, mədəni irs obyektlərindən turizm məqsədləri üçün istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

18.6. Turizm sahəsi üzrə strateji sənədlərin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver