Qanunvericilik › Turizm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Turizm və rekreasiya zonaları

Turizm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə dövlət turizm orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elan olunur. Turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

19.2. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

19.3. Bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan mövcud turizm və rekreasiya obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.20–4.21-ci maddələrinin tələblərinə riayət olunmalıdır.

19.4. Bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

19.5. Turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

19.5.1. kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;

19.5.2. iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

19.5.3. tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;

19.5.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver