Qanunvericilik › Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Tütünə və tütün məmulatına tələbatın azaldılması, tütün istifadəsi ilə əlaqədar xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli və tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə tütün məmulatlarının tərkibinin açıqlanmasına, qablaşdırılmasına və markalanmasına dair tələblər müəyyən edilir. Bu tələblərə aşağıdakılar barədə informasiya verilməsi daxildir:

11.1.1. tütündən istifadənin dayandırılmasının üstünlükləri haqqında;

11.1.2. tütündən istifadənin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri haqqında;

11.1.3. tütünçülük sənayesi haqqında.

11.2. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi ailədə, təhsil və tibb müəssisələrində, habelə işəgötürənlər tərəfindən iş yerlərində həyata keçirilir.

11.3. Əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edilir.

11.4. İnsanların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin pozulması məsələlərinə dair vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin müraciətləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən “qaynar xətlər” yaradılması və ya internet informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur.

11.5. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları, habelə ictimai birliklər tərəfindən mediada müvafiq kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilir.

11.6. Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması zamanı mediada informasiya kampaniyaları keçirilərkən tütün məmulatının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə icazə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver