12.1. Media subyektləri tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğində iştirak edirlər.
12.2. Müvafiq icra hakimiyyəti orqanları mediada tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
12.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilir.
12.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda proqramlar hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu proqramların 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və proqramların surəti hər ay Azərbaycan Respublikasının Audiovizual Şurasına təhvil verilir.