14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:
14.1.1. tütün məmulatlarının əhali arasında pulsuz, o cümlədən hədiyyələr şəklində yayılması;
14.1.2. tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi;
14.1.3. tütün məmulatlarının qiymətlərinə hər hansı üsullarla, habelə kuponlar və talonlar nəşr edilməsi yolu ilə güzəştlər tətbiq olunması;
14.1.4. efirdə, kabel yayımı vasitəsi ilə videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə və uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması;
14.1.5. tütün məmulatlarının mükafat qismində verilməsi şərti ilə əmtəə satışını stimullaşdıran müxtəlif tədbirlərin (o cümlədən lotereyaların, müsabiqələrin, oyunların) təşkili və keçirilməsi.
14.2. Tütün və tütün məmulatlarının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməz.
14.3. Tütünün və tütün məmulatlarının, habelə tütün çəkmə ləvazimatlarının reklamı qadağandır.