16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür:
16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda;
16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;
16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;
16.2.4. tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda, yaxud tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;
16.2.5. tütün məmulatının tərkibinə daxil edilmiş inqrediyentlərin açıqlanmasına dair tələblər pozulduqda;
16.2.6. tütün məmulatı qutularının tərtibatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadıqda;
16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə;
16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə;
16.2.9. qanunda nəzərdə tutulmuş digər hallarda.
16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir.