3.1. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. humanistlik – Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
3.1.2. bərabərlik – ümumi təhsilin əlçatanlığı, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi;
3.1.2-1. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
3.1.3. inteqrasiya – ümumi təhsil sisteminin mütərəqqi beynəlxalq təhsil təcrübələrinə uyğunlaşdırmaqla inkişaf etdirilməsi;
3.1.4. keyfiyyətlilik – ümumi təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.1.5. varislik – ümumi təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə ötürülməsi;
3.1.6. çeviklik – ümumi təhsil sisteminin sosial-iqtisadi həyatda baş verən dəyişikliklərə adekvat uyğunlaşması, yeniliklərin qiymətləndirilib vaxtında tətbiq edilməsi;
3.1.7. fasiləsizlik, vəhdətlik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında qarşılıqlı əlaqənin təmin olunması;
3.1.8. demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkili və idarə edilməsinin genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.
3.2. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.2.1. ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması;
3.2.2. ümumi təhsilin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;
3.2.3. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili;
3.2.4. ümumi təhsilin müasir infrastrukturunun yaradılması və davamlı inkişafının təmin edilməsi;
3.2.5. ümumi təhsilin inkişafı üzrə dövlət proqramlarının təsdiqi və həyata keçirilməsi;
3.2.6. ümumi təhsil sisteminin dayanıqlı maliyyələşdirilməsinin təmin edilməsi;
3.2.7. təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsi.