4.0. Ümumi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. ümumi təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. ümumi təhsil sisteminin inkişaf prioritetlərini müəyyənləşdirmək;
4.0.3. ümumi təhsil sisteminin inkişafı məqsədilə dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
4.0.4. ümumi təhsilə dair normativ hüquqi aktlar qəbul etmək;
4.0.5. ümumi təhsilin dövlət standartlarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
4.0.6. sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartlarını təsdiq etmək;
4.0.7. ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydasını təsdiq etmək;
4.0.8. ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarət etmək;
4.0.9. dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
4.0.10. dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
4.0.11. tədris ilinin müddətini müəyyən etmək;
4.0.12. ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək;
4.0.13. ümumi təhsil müəssisələrinin tədris, metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
4.0.14. özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq etmək və dəstəkləmək, onlara metodik kömək göstərmək;
4.0.15. ümumi təhsil müəssisələrinin infrastrukturuna, tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena və təhlükəsizlik tələblərini, şagird yerləri ilə təminat normativlərini təsdiq etmək;
4.0.16. dövlət ümumi təhsil müəssisələrinin nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;
4.0.17. ümumi təhsil sistemində çevik idarəetmə və qərar qəbul etməni təmin edən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemini (TMİS) yaratmaq və onun digər təhsil pillələri üzrə elektron məlumat bazalarına inteqrasiyasını təmin etmək;
4.0.18. təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqinə, təhsilverənlərin peşəkar inkişafına şərait yaratmaq;
4.0.19. ümumi təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.20. ümumi təhsil müəssisəsinin (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.21. ümumi təhsil müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək, akkreditasiyanı və sertifikatlaşdırılmanı həyata keçirmək;
4.0.22. ümumi təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;
4.0.23. ümumi təhsil sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin yaradılmasını təmin etmək;
4.0.24. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etmək;
4.0.25. dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirlərini və təhsilverənlər üçün geyim ilə bağlı tələbləri təsdiq etmək;
4.0.26. ümumi təhsil pilləsində təhsilalanların attestasiyası, yekun attestasiyası qaydalarını müəyyən etmək və yekun attestasiyanı həyata keçirmək;
4.0.27. ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normasını müəyyən etmək;
4.0.28. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək;
4.0.29. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək;
4.0.30. məktəb yaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin etmək, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
4.0.31. ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydasını təsdiq etmək;
4.0.32. ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil etmək.