Qanunvericilik › Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. uşaqların informasiya əldə etməsi – uşaqların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanı;

1.0.2. informasiya məhsulları – ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları;

1.0.3. informasiya məhsullarının yaş kateqoriyası – bu Qanunla nəzərdə tutulmuş informasiya məhsullarının istifadəsi üçün münasib olan yaş göstəricisi;

1.0.4. informasiya məhsullarının yaş təsnifatı – informasiya məhsullarının bu Qanunda müəyyən edilmiş yaş qruplarına görə bölgüsü;

1.0.5. zorakılığın və qəddarlığın nümayişi – fiziki və ya psixi zorakılığın təsvirinin və bu kimi qəddarlıq səhnələrinin, əzab vermək və xəsarət yetirmənin, adam və heyvan öldürmənin və üzərində zorakılıq əlamətləri olan cəsədin təsviri;

1.0.6. mədəni-kütləvi tədbir – kütləvi və ya azad ziyarət üçün açıq olan yerlərdə teatr, mədəni-maarifləndirici və əyləncəli tədbirlər də daxil olmaqla kütləvi nümayiş, ifa və yaxud çıxış;

1.0.7. uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları – mövzusuna, məzmununa və tərtibatına görə yalnız və ya əsasən yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsulları;

1.0.8. ailə institutunu nüfuzdan salan informasiya – ailə dəyərlərini inkar etməklə, yaxud ailə, nikah, analıq və atalıq kimi sosial institutların əhəmiyyətini heçə endirməklə uşaqlarda ailə-nikah sahəsi ilə bağlı təhrif olunmuş təsəvvürlər yarada bilən məlumatlar;

1.0.9. uşaqlar üçün zərərli informasiya – uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat;

1.0.10. təbliğ – fiziki və ya hüquqi şəxslərin uşaqların şüurunda hər hansı davranış qaydası və ya stereotipin formalaşmasına yönəlmiş, yaxud uşağı hər hansı hərəkət və ya hərəkətsizliyi etməyə təhrik etdirmək məqsədi daşıyan fəaliyyəti;

1.0.11. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya – uşaqları fahişəlik, qumar, avaralıq və dilənçiliklə məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumat;

1.0.12. uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiya – uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu və energetik içkilərdən, habelə tütün məmulatlarından istifadəni təbliğ edən informasiya;

1.0.13. cinayətləri təbliğ edən informasiya – uşaqlarda cinayət törətmək həvəsi oyadan, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edən informasiya;

1.0.14. qorxu məzmunlu informasiya – uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilən informasiya, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətlərin, intiharın (o cümlədən intihara cəhdin), bədbəxt hadisələrin, qəzaların və onların nəticələrinin naturalist (təbii) təsviri və ya görüntüsü, həmçinin informasiya məhsulunda arzuolunmaz vərdişlərə rəğbət aşılayan bəzi xüsusi mərasim və mistik təlimlərin, spiritizmin istifadəsi;

1.0.15. naturalist (təbii) təsvir – canlının, əşyanın, hadisənin, hərəkətin (hərəkətsizliyin) və onların nəticələrinin informasiya məhsulu istifadəçisinin diqqətini detallara, anatomik məsələlərə və ya fizioloji proseslərə cəlb edə bilən təsvirləri və ya görüntüləri;

1.0.16. erotik məzmunlu informasiya – pornoqrafik olmayan, lakin uşaqlarda vaxtından əvvəl seksual marağın oyanmasına səbəb olan informasiya məhsulları;

1.0.17. informasiya məhsulunun işarələnməsi – informasiya məhsulunun üzərində, onun daşıyıcısında və qablaşdırmasında yaş kateqoriyası işarəsinin göstərilməsi;

1.0.18. uşaqların ola biləcəyi yerlər – uşaqların ziyarət etməsi və ya olması qadağan olunmayan yerlər, o cümlədən uşaqların informasiya məhsullarına (telekommunikasiya şəbəkələrində yerləşdirilən informasiya məhsulları daxil olmaqla) girişi mümkün olan ictimai yerlər;

1.0.19. ekspert – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik və informasiya məhsulunun yaş təsnifatının aparılması məqsədi ilə ekspert rəyi verən şəxs.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver