Qanunvericilik › Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Əmlak və yaşayış sahəsi üzrə təminatlar

Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər.

Əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer ( valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır.

Valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs yaşayış sahəsinə yerləşdirilərkən, həmin yaşayış sahəsində himayəyə verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşadıqda, qəyyumluq və himayə orqanının razılığı tələb olunur (cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla).

Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin yaşayış sahəsi ilə təmin olunması üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xüsusi mənzil fondları yaradıla bilər.

Qanunvericiliklə müəyyən olunmuş qaydada valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər onların valideynlərinin mülkiyyətində olmuş əmlakın, torpağın və dövlət əmlakının özəlləşdirilməsi zamanı aldıqları paylar üzərində ümumi qaydada vərəsəlik hüququna malikdirlər.

Bu Qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.

Bu Qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver