Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1. “Azərbaycan Respublikasının milli valyutası” (bundan sonra “milli valyuta”):

a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanları;

b) Azərbaycan Respublikasında kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda, habelə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul;

c) Azərbaycan Respublikasından kənarda yerləşən kredit təşkilatlarında və digər ödəniş xidməti təchizatçılarında hesablarda manatda olan vəsait, o cümlədən manatda olan elektron pul.

2. “Milli valyutada qiymətli kağızlar“ — nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar.

3. “Xarici valyuta”:

a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları;

b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər, o cümlədən xarici valyutada olan elektron pul.

4. “Valyuta sərvətləri”:

a) xarici valyuta;

b) xarici valyutada qiymətli kağızlar— nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar;

v) qiymətli metallar – istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium);

q) qiymətli daşlar – işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.

5. “Rezidentlər”:

a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;

b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər;

v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri;

d) bu bəndin “b” və “v” yarımbəndlərində göstərilmiş rezidentlərin Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri.

6. “Qeyri-rezidentlər”:

a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;

b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

v) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filialları və nümayəndəlikləri;

q) bu bəndin “b” yarımbəndində göstərilmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).

7. “Valyuta əməliyyatları”:

a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən valyuta mübadiləsi əməliyyatları, habelə ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə edilməsi;

b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi;

v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi.

7-1. “Valyuta mübadiləsi fəaliyyəti” – Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi.

7-2. “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” – bu Qanunla müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış və fəaliyyətinin müstəsna predmeti valyuta mübadiləsi fəaliyyəti olan rezident hüquqi şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları.

8. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür.

9. “Cari valyuta əməliyyatları”:

a) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

b) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;

v) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və digər gəlirlərin Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

q) Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, pensiya, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.

10. “Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları”:

a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə;

b) qiymətli kağızların əldə edilməsi;

v) torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;

q) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;

ğ) müvəkkil banklar tərəfindən qanuna uyğun olaraq valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi;

d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları.

11. “Müvəkkil banklar”— Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları, ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatları və elektron pul təşkilatlarının yerli filialları, habelə poçt rabitəsinin milli operatoru.

13. mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının, habelə səsvermə hüququnun iyirmi və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik.

14. vətəndaş qüsursuzluğu – valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslərin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.

Milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver