Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Vəkil

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasının vətəndaşları bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilərlər.

Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunurlar. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı test vermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar.

II. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

III. Vəkillər bütün məhkəmə instansiyalarında və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən icraatlara buraxılırlar.

IV. Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitam verilənədək dayandırılır. Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər (hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki ildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçuları dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların müraciəti olduqda və vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə vəkilliyə buraxılırlar.

V. Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver