Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Xidməti və mülki silahın tətbiqi

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Xidməti və ya mülki silahı xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən və ya vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslər tətbiq edə bilərlər.

II. Xidməti silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tətbiq edilə bilər.

III. Odlu silahın tətbiqi ilə bağlı ov etmə qaydalarını, eləcə də idmanla məşğul olma qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. Zəruri müdafiə və ya son zərurət vəziyyətində Azərbaycan Respublikasının mənafeyinə, ictimai mənafeyə, özünü müdafiə edənin və ya başqasının şəxsiyyətini və ya hüquqlarını qorxu altına alan təhlükəni aradan qaldırmaq məqsədi ilə xidməti və ya mülki silahın istifadəçisi bu Qanunla müəyyən edilmiş qaydada ona verilmiş silahı:

1) həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq üçün;

2) digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq üçün;

3) insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək üçün;

4) yardım çağırmaq üçün;

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər müstəsna hallarda tətbiq edə bilər.

V. Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş müstəsna hallarda xidməti və ya mülki silahın tətbiqinə yalnız real təhlükənin qarşısının alınması məqsədi ilə yol verilir. Silahın tətbiqi üçüncü şəxslərə ziyan yetirməməlidir.

VI. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Xəbərdarlıq edilmədən silah yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:

1) qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə;

2) hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edilərsə.

VII. İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır.

VIII. Xidməti və mülki silahın insana qarşı tətbiq edilməsinin hər bir halında silahı tətbiq etmiş şəxs bu barədə prokurorluq orqanlarına məlumat verməli, hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmalı, zərərçəkənlər olduqda onlara tibbi yardım göstərməlidir.

IX. Xidməti və mülki silahın tətbiqi qaydası fövqəladə vəziyyət şəraitində dəyişdirilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver