I. Xidməti silah Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yalnız dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Bu cür xüsusi icazəsi olan hüquqi şəxslər odlu silahı, onun döyüş sursatını və soyuq silahı əldə edə bilərlər. İcazədə xidməti silahın növü, tipi, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Bu icazənin verilməsinə görə dövlət rüsumu tutulur.
II. Dövlət orqanları və hüquqi şəxslər iki həftə ərzində əldə edilmiş xidməti silahı onun qanuniliyini sübut edən sənədlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət orqanlarına və hüquqi şəxslərə qeydiyyata alınmış xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir. Bu şəhadətnamənin etibarlılıq müddəti üç ildir.
III. Xüsusi nizamnamə vəzifələri olan, habelə ov və balıq və digər su bioresurslarının mühafizəsi funksiyasını həyata keçirən dövlət orqanlarına və hüquqi şəxslərə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada xidməti silah kimi yivli lüləli odlu ov silahının əldə edilməsinə xüsusi icazə və ondan xidməti vəzifələri yerinə yetirmək üçün istifadə etmə hüququnu təsdiq edən şəhadətnamə verilir.
IV. Dövlət orqanının və hüquqi şəxsin rəhbərinin vəsatəti və ona əlavə olunmuş tibbi arayış əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilmiş əsaslar olmadıqda xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq keçmiş həmin dövlət orqanının və hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verir.
V. Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Xüsusi icazənin etibarlılıq müddəti qurtardıqda o yeni üç il müddətinə uzadılır. Bu sənəd itdikdə xidməti silahın sahibinə onun dublikatı verilə bilər.
VI. Xidməti silah dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə yalnız xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxslərə verilir.
VII. Bu Qanunun tələblərinə əsasən xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramını, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydasını, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.