I. Dövlət orqanları və hüquqi şəxslər mülki silahı əldə edərkən bu Qanunun 8-ci maddəsində və bu maddənin on birinci hissəsində müəyyən edilmiş tələblərə riayət etməlidirlər.
II. Mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
II-I. Bu Qanunun 9-cu maddəsinin II hissəsində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
III. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir.
IV. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin verilməsindən imtina edildikdə və ya mülki silahın əldə edilməsinə dair ərizənin baxılma müddəti pozulduqda vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
V. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə icazənin etibarlılıq müddəti altı aydır. İcazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti.
VI. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur.
VII. Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Etibarlıq müddəti qurtardıqda vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun.
VIII. Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər.
IX. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır.
X. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir.
XI. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
XII. Əcnəbilər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi icazə ilə alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmaq şərti ilə mülki silah əldə edə bilərlər. Əcnəbi şəxs silahın Azərbaycan Respublikasından aparılma müddətini pozarsa həmin silah müsadirə olunur.