Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Xüsusi icra məmurlarının intizam icraatı

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Xüsusi icra məmuru barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılır. İntizam Komissiyasının tərkibi və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. İntizam Komissiyası 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İntizam Komissiyası 3 (üç) üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), 3 (üç) üzvü Palata və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Palata və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini beş ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edirlər. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunur.

32.2. Xüsusi icra məmuru barəsində intizam icraatına yoxlamanın nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın təqdimatı əsasında başlanılır. Təqdimatın daxil olduğu vaxtdan 20 (iyirmi) iş günündən gec olmayaraq xüsusi icra məmurunun intizam məsuliyyəti məsələsi ilə bağlı İntizam Komissiyasının iclası keçirilir. Komissiyasının iclasından ən geci 5 (beş) iş günü əvvəl müvafiq təqdimat İntizam Komissiyasının üzvlərinə verilir, habelə intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna alınmasını təsdiq edən istənilən vasitə ilə məlumat göndərilir. Xüsusi icra məmuru məlumatı aldıqdan 5 (beş) iş günündən gec olmayaraq intizam icraatının predmetini təşkil edən icra işi materiallarının, habelə məsələ ilə əlaqədar digər sənədlərin surətlərini İntizam Komissiyasına təqdim etməyə borcludur. İntizam Komissiyası təqdimatda göstərilən faktları aydınlaşdırmaq üçün xüsusi icra məmurundan yazılı izahat və sübutlar tələb edə bilər.

32.3. İntizam Komissiyasının iclasına ən geci 3 (üç) iş günü qalmış intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, təqdimat vermiş quruma və Komissiyanın üzvlərinə iclasın tarixi, vaxtı və yeri barədə məlumat verilir. İclasın tarixi, vaxtı və yeri barədə məlumatlandırılmış xüsusi icra məmuru üzrsüz səbəblərdən iclasa gəlmədikdə İntizam Komissiyası məsələyə onun iştirakı olmadan baxır. Xüsusi icra məmuru İntizam Komissiyasının iclasında nümayəndəsi vasitəsilə təmsil oluna bilər. Xüsusi icra məmuru və ya nümayəndəsi istənilən vaxt izahat vermək, habelə sübut təqdim etmək hüququna malikdir. İntizam Komissiyası öz təşəbbüsü və ya intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmurunun təklifi əsasında digər şəxsləri iclasa dəvət edərək dinləyə, habelə onlar tərəfindən təqdim olunan materialları tədqiq edə bilər.

32.4. İntizam icraatının predmetini təşkil edən məsələnin eyni zamanda davam edən məhkəmə icraatının predmeti olması aşkar edilərsə, İntizam Komissiyası məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək intizam icraatını dayandırır.

32.5. İntizam Komissiyasının iclası onun ən azı 6 (altı) üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam Komissiyası öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. İntizam Komissiyası intizam icraatı üzrə sadə səs çoxluğu ilə aşağıdakı qərarlardan birini qəbul edir:

32.5.1. intizam pozuntusunun müəyyən edilməsi və bu Qanunun 33.1-ci maddəsində müəyyən edilən intizam tənbehlərindən birinin tətbiq edilməsi barədə;

32.5.2. intizam pozuntusunun müəyyən edilməməsi və intizam icraatına xitam verilməsi barədə;

32.5.3. bu Qanunun 33.5-ci maddəsi ilə müəyyən edilmiş intizam məsuliyyətinə cəlb etmə müddəti keçərsə, intizam icraatına xitam verilməsi barədə.

32.6. İntizam Komissiyası öz qərarının nəticə hissəsini iclas başa çatan gün elan edir. Nəticə hissəsi elan edildikdən 3 (üç) iş günü müddətində İntizam Komissiyası əsaslandırılmış qərar tərtib edərək surətini intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim olunur.

32.7. İntizam Komissiyasının qərarından xüsusi icra məmuru 30 (otuz) gün müddətində məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver