33.1. Pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq xüsusi icra məmuruna İntizam Komissiyası tərəfindən aşağıdakı tənbeh növlərindən biri tətbiq olunur:
33.1.1. irad tutma;
33.1.2. töhmət;
33.1.3. şiddətli töhmət;
33.1.4. beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə;
33.1.5. şəhadətnamənin ləğvi.
33.2. Bu Qanunun 33.1.4-cü maddəsində nəzərdə tutulan intizam tənbehinin tətbiqi üzrə vəsait Palatanın hesabına köçürülür. Bu Qanunun 33.1.5-ci maddəsində nəzərdə tutulan intizam tənbehi xüsusi icra məmuruna vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verdiyi hüquq pozuntularına görə verilə bilər.
33.3. Bu Qanunun 33.1.5-ci maddəsində nəzərdə tutulan intizam tənbehinin tətbiqi barədə qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 32.7-ci maddəsində göstərilən müddət başa çatdıqdan sonra 7 (yeddi) iş günü müddətində şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edir. İntizam Komissiyasının qərarından məhkəməyə şikayət verildikdə məsələ həmin şikayət üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmə qərarına uyğun həll edilir.
33.4. İntizam Komissiyası tərəfindən xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən pozuntunun xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Formal olaraq bu Qanunun 31.2-ci maddəsində göstərilən pozuntulara uyğun olsa da, tərəflərin və üçüncü şəxslərin hüquqlarını, qanuni mənafelərini, idarəçilik qaydalarını əhəmiyyətsiz dərəcədə pozan hərəkətlərə (hərəkətsizliyə) görə xüsusi icra məmuru intizam məsuliyyətinə cəlb olunmur, ona xəbərdarlıq edilir.
33.5. Xüsusi icra məmuru intizam məsuliyyətinə pozuntuların aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi vaxtdan 2 (iki) il keçənədək cəlb edilir. Xüsusi icra məmurunun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
33.6. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən 1 (bir) il müddətində qüvvədə olur.