Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Aşağıdakı hallarda xüsusi icra məmurunun fəaliyyəti dayandırılır:

35.1.1. 1 (bir) aydan az və 6 (altı) aydan çox olmamaqla fasiləsiz olaraq əmək qabiliyyətini itirdikdə;

35.1.2. hamiləliyə, doğuşa və ya uşağa qulluğa görə sosial məzuniyyətə çıxdıqda;

35.1.3. cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduqda;

35.1.4. xüsusi icra məmurunun səlahiyyətlərinin bilavasitə icrasına mane olan bir aydan artıq müddətə davam edən digər hallar mövcud olduqda.

35.2. Xüsusi icra məmurunun Palataya üzvlük haqqını, barəsində inzibati tənbeh tədbiri kimi tətbiq edilmiş cəriməni ödəmədiyi, təlimlərdə iştirakdan, peşə məsuliyyətinin sığortası müqaviləsini yeniləməkdən yayındığı hallarda da xüsusi icra məmurunun fəaliyyəti dayandırıla bilər.

35.3. Xüsusi icra məmurunun fəaliyyəti onun dayandırılmasına əsas olan hallar aradan qalxanadək, lakin 6 (altı) aydan çox olmamaqla (bu Qanunun 35.1.2-ci və 35.1.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) dayandırılır. Bu halda yarımçıq qalan icra hərəkətlərini davam etdirmək və digər təşkilati tədbirləri görmək üçün onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmuru təyin edilir. Ofisin idarə edilməsi üçün zəruri olan bütün avadanlıq, material və digər resurslar müvəqqəti əvəz edən icra məmuruna əlçatan olmalıdır.

35.4. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və bununla əlaqədar onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmurunun təyin edilməsi, habelə xüsusi icra məmurunun vəzifələrinin icrasına qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

35.5. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru öz adından fəaliyyət göstərir, öz möhürünü, ştamplarını, blanklarını və elektron imzasını tətbiq edir, habelə əvəz olunan xüsusi icra məmurunun bank hesablarını idarə etmək hüququ müvəqqəti olaraq ona həvalə edilir. Əvəz edən xüsusi icra məmuru öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

35.6. Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru əvəz olunan xüsusi icra məmurunun ofisində fəaliyyət göstərir, onun işçilərinin fəaliyyətinə rəhbərlik edir, əvəz olunan xüsusi icra məmuru ilə işçilər arasında bağlanmış müqavilələrə uyğun olaraq işçilərin əməyini, ofisin saxlanılması ilə bağlı digər xərcləri müvafiq icra işlərindən daxil olan aidiyyəti vəsaitlər hesabına ödəyir. Müvəqqəti əvəz edən xüsusi icra məmurunun səlahiyyət müddəti əvəz olunan xüsusi icra məmuru öz səlahiyyətlərinin icrasına qayıtdıqda, yaxud əvəz edən xüsusi icra məmurunun fəaliyyətini istisna edən qanunla nəzərdə tutulmuş digər hallar baş verdikdə bitir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver