Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

36.1. Aşağıdakı hallarda şəhadətnamə ləğv edilir və xüsusi icra məmurunun fəaliyyətinə xitam verilir:

36.1.1. xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verdikdə;

36.1.2. şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatlar aşkar olunduqda;

36.1.3. and içdikdən sonra 6 (altı) ay müddətində fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;

36.1.4. intizam tənbehi qaydasında;

36.1.5. əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;

36.1.6. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;

36.1.7. fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

36.1.8. barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

36.1.9. məhkum edildikdə;

36.1.10. cinayət törətdiyinə görə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;

36.1.11. tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru işləməyə qadir olmadıqda;

36.1.12. 65 yaşına çatdıqda;

36.1.13. vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə.

36.2. Bu Qanunun 36.1.1-ci maddəsində göstərilən əsas üzrə xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsinə yalnız icrası tamamlanmamış bütün icra işlərinin icraatının tamamlanması, kargüzarlıq sənədlərinin və xüsusi icra məmurunun arxivinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mühafizəsinə təhvil verilməsi şərtilə yol verilir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti 3 (üç) iş günü müddətində fəaliyyətinə xitam verilmiş xüsusi icra məmuruna və Palataya göndərilir. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun elektron imza sertifikatı, habelə “Elektron icra” informasiya sisteminə giriş imkanı ləğv edilir, xidməti vəsiqəsi, möhürü, ştampları və blankları məhv olunur, bank hesablarından istifadəsinə xitam verilir, bu barədə Reyestrdə qeyd aparılır.

36.3. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun sənədlərinin təhvil-təslim işlərini görmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmuru təyin edilir. Xüsusi icra məmuru təyin olunduğu gündən 1 (bir) ay müddətində aşağıdakı tədbirləri görür:

36.3.1. tamamlanmamış icra işləri üzrə icraatı icra sənədləri təhvil verilənədək dayandırır;

36.3.2. kargüzarlıq sənədlərini və xüsusi icra məmurunun arxivini “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mühafizəsinə təhvil verir.

36.4. Tamamlanmamış icra işləri tələbkarın seçimi əsasında xüsusi icra məmuru tərəfindən digər xüsusi icra məmuruna təhvil verilir, yaxud istifadə olunmamış avans məbləği ilə birlikdə tələbkara qaytarılır.

36.5. Bu Qanunun 34-36-cı maddələrində nəzərdə tutulmuş hallarda müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver