3.1. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
3.1.1. qida məhsullarının minimum toplusu;
3.1.2. fərdi və ailəvi istifadə olunan qeyri-qida məhsullarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
3.1.3. xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
3.2. Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
3.3. Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.