12.1. Yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır:
12.1.1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması;
12.1.2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi;
12.1.3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması;
12.1.4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.
12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir.
12.3. Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.
12.4. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır.