14.1. Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək və bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək və yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.
14.2. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
14.3. Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir.
14.4. Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.
14.5. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürən fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanları və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.
14.6. Yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməlidir.
14.7. Yaşıllıqlar bərpa edilərkən və (və ya) genişləndirilərkən yerli, habelə yerli şəraitə yaxşı uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib və faydalı bitki cinsləri və növlərindən istifadəyə üstünlük verilməlidir. Yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.