Bu Qanunda işlədilən əsas termin və anlayışlar aşağıdakılardır:
yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi;
yerin təkindən istifadə münasibətləri — yer təkinin istifadəsi, öyrənilməsi, işlənməsi və mühafizəsi sahəsində münasibətlər;
faydalı qazıntılar — yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri;
ümumi yayılmış faydalı qazıntılar — təbii halda olan və ya cüzi dəyişikliklərə uğramış yerli təsərrüfat ehtiyacları üçün istifadə edilən geniş yayılmış faydalı qazıntılar;
texnogen törəmələr — dağ-mədən, emal və digər istehsal sahələrinin yerin səthində və ya yerin təkində yığılan, tərkibində mineral maddə saxlayan tullantıları;
kern — yer təkinin geoloji kəsilişinin öyrənilməsi üçün çıxarılan silindrşəkilli süxur nümunəsi;
dağ-mədən ayırması — faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə hüquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudları.