Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir.
Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir.
Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağ-mədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə dağ-mədən ayırması statusunun verilməsi tələb olunmur. Bu sahələrə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geoloji ayırma statusu verilir.
Geoloji öyrənilmə üçün verilən yer təki sahəsinin hüdudları daxilində, eyni zamanda yer təkinin bir neçə istifadəçisi müəyyən olunmuş qaydada iş apara bilər. Onların qarşılıqlı münasibətləri yerin təki istifadəyə verilərkən müəyyən edilir.
Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.