Yer təki istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:
ayırma hüdudları daxilində yerin təkindən icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi;
icazədə göstərilmiş məqsədə uyğun olaraq yer təki sahəsində qanunvericiliyə zidd gəlməyən hər hansı fəaliyyət formasının sərbəst seçilməsi;
icazəyə və qanunvericiliyə uyğun olaraq fəaliyyətinin nəticələrindən, o cümlədən çıxarılmış mineral-xammaldan istifadə edilməsi;
icazədə başqa hallar nəzərdə tutulmayıbsa, dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi;
əlavə icazə olmadan dağ-mədən ayırması sahəsində öz vəsaiti hesabına yer təkinin geoloji öyrənilməsi;
icazə şərtlərindən fərqli hallar meydana çıxarsa, icazə şərtlərinə yenidən baxılması üçün icazə verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi.
icazə müddətinin uzadılmasında yer təkinin istifadəçisinə başqa iddiaçılara nisbətən üstünlük verilir.
Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır:
Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə;
yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması;
geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;
emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi;
kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;
yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi;
yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi;
yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi;
faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması;
istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi;
icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi.
Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır.