Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər aşağıdakılardır:

yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi;

yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi;

faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması;

yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi;

faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması;

faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi;

faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu;

faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi;

yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmaması;

faydalı qazıntılar çıxaran müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların fəaliyyətinin müvəqqəti dayandırılması və ləğv edilməsi qaydalarına riayət edilməsi;

faydalı qazıntıların yerləşdiyi sahələrdə özbaşına tikinti işləri aparılmasının qarşısının alınması və bu sahələrdən başqa məqsədlər üçün istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilməsi;

çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində tullantıların yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi;

ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi;

balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi.

Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanuna müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dayandırıla və ya ləğv edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver