Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinə aid əsas tələblər

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yer təkinin geoloji öyrənilməsinə, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin, müxtəlif təyinatlı yeraltı qurğuların tikintisinə və istismarına ancaq onların təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi şərti ilə icazə verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanları (qurumları) və yer təkinin istifadəçiləri yer təkinin istifadəsi ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üzrə təsdiq edilmiş standartların (normativlərin, qaydaların) tələblərinin yerinə yetirilməsini təmin etməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması məsələlərinin dövlət tənzimlənməsini və nəzarət funksiyalarını həyata keçirir.

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsi üçün məsuliyyəti bilavasitə müəssisələrin rəhbərləri daşıyırlar.

Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsinə aid əsas tələblər aşağıdakılardır:

işə ancaq xüsusi ixtisas hazırlığı olan şəxslərin buraxılması;

dağ-qazma və buruq işləri ilə məşğul olan şəxslərin xüsusi geyim və qorunma vasitələri ilə təmin edilməsi;

təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialların tətbiq edilməsi;

radioaktiv, partlayıcı maddələrdən və vasitələrdən düzgün istifadə edilməsi, onların lazımi qaydada uçotu, saxlanması və işlədilməsi;

işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasının təmin olunması üçün müşahidələrin aparılması;

dağ-mədən atmosferinin vəziyyətinə, orada oksigenin, zərərli və partlayış təhlükəli qazların və tozların miqdarına müntəzəm nəzarət;

normal iş rejimlərində və qəza hallarında yerin təkindən istifadə ilə əlaqədar işlərin təsir zonasındakı əhalinin mühafizəsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsi.

Yer təkinin istifadəçiləri dağ-mədən xilasetmə, açıq neft və qaz fontanlarının qarşısını alan və onları ləğv edən dəstələr yaratmalı, yaxud müqavilə yolu ilə müvafiq xidmətlərdən istifadə etməlidirlər.

Yerin təkindən istifadə ilə əlaqədar işlər aparan müəssisələrin rəhbərləri, digər səlahiyyətli vəzifəli şəxsləri həmin müəssisələrin işçilərinin, işlərin təsir zonasında yerləşən əhalinin həyat və sağlamlığına bilavasitə təhlükə yaranarkən, dərhal işləri dayandırıb insanların təhlükəsiz yerə keçirilməsini təmin etməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarına (qurumlarına) təcili məlumat verməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver