Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:
mineral-xammal bazasının yaradılması, ondan səmərəli istifadə və yer təkinin mühafizəsi;
faydalı qazıntıların əsas növlərinin istehsal həcminin müəyyənləşdirilməsi;
mineral-xammal bazasının inkişafı və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi üçün istifadə edilən yer təki sahələrinin hazırlanması;
Azərbaycan Respublikasının ərazisi, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsi daxilində yer təkinin geoloji öyrənilməsi;
mineral-xammal ixracının müəyyənləşdirilməsi;
yerin təkindən istifadə ilə əlaqədar ödənişlərin tətbiqi və əsas mineral-xammal növlərinin qiymətlərinin tənzimlənməsi;
yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması sahəsində standartların (normativlərin, qaydaların) müəyyənləşdirilməsi.
Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi idarəetmə, icazə, uçot və nəzarət vasitəsilə həyata keçirilir.
Sahibkarlara münasibətdə yerin təkindən istifadəyə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.