Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Əhalinin sosial müdafiəsi orqanlarının yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə aşağıdakılar aiddir:

11.1.1. həyatda çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasını və baxımsızlığının profilaktikasını həyata keçirən sosial reabilitasiya mərkəzləri;

11.1.2. həyatda çətin vəziyyətə düşmüş və təcili dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasını və müvəqqəti yaşayışını təmin edən sosial sığınacaqlar.

11.2. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakılar qəbul olunurlar:

11.2.1. valideyn himayəsindən məhrum olunmuş yetkinlik yaşına çatmayanlar;

11.2.2. sosial təhlükəli vəziyyətdə olan ailədə yaşayan yetkinlik yaşına çatmayanlar;

11.2.3. itmiş və ya atılmış yetkinlik yaşına çatmayanlar;

11.2.4. evlərindən qaçmış, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təhsil müəssisələrini, digər uşaq müəssisələrini (qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlərdən başqa) icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayanlar;

11.2.5. yaşayış yeri, yaxud yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmayanlar;

11.2.6. həyatda digər çətin vəziyyətə düşmüş, sosial yardıma və reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanlar.

11.3. Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların ixtisaslaşdırılmış müəssisələrə göndərilməsi üçün aşağıdakılar əsas götürülür:

11.3.1. yetkinlik yaşına çatmayanın şəxsi müraciəti;

11.3.2. yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, on yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətləri;

11.3.3. yetkinlik yaşına çatmayanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin tutulması, həbs edilməsi və ya məhkum edilməsi haqqında məhkəmənin qərarı;

11.3.4. sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanın onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında daxili işlər orqanının qərarı. Həmin qərarın surəti 3 gün müddətində əhalinin sosial müdafiəsi orqanına göndərilir.

11.4. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə nəticəsində sərxoş halda olan, yaxud psixi xəstə olan şəxslərin yerləşdirilməsinə yol verilmir.

11.5. Sosial yardım göstərilməsi və sosial reabilitasiya məqsədləri üçün bu Qanunun 11.2-ci maddəsində göstərilən şəxslərə yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində xidmət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və lazım olan müddət ərzində göstərilir.

11.6. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinə könüllü olaraq müraciət etmiş şəxs öz ərizəsi əsasında həmin müəssisəni tərk edə bilər.

11.7. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri öz səlahiyyətləri daxilində:

11.7.1. yetkinlik yaşına çatmayanların baxımsızlığına və kimsəsizliyinə imkan yaradan səbəb və halların aşkar edilməsində və aradan qaldırılmasında iştirak edir;

11.7.2. yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların yaşayış yerində, təhsil müəssisələrində, iş yerlərində sosial statusunun bərpa edilməsində yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər kömək göstərir, yetkinlik yaşına çatmayanların ailələrinə qayıtması üçün tədbirlər görür;

11.7.3. bu Qanunun 11.2-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tam dövlət təminatında saxlayır, onların sosial reabilitasiyasını həyata keçirir, hüquqlarını və qanuni mənafelərini müdafiə edir, tibbi xidmətlə təmin edir, müvafiq tədris proqramları üzrə yetkinlik yaşına çatmayanların təhsilini təşkil edir, onların peşə yönümünə və ixtisasa yiyələnməsinə şərait yaradır;

11.7.4. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanların yerləşdirilməsi barədə onların valideynlərini və ya digər qanuni nümayəndələrini xəbərdar edir.

11.8. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:

11.8.1. valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədris müəssisələrinin və ya digər uşaq müəssisələrinin nümayəndələrini çağırıb həmin müəssisələri icazəsiz tərk etmiş uşaqları onlara qaytarmaq;

11.8.2. yetkinlik yaşına çatmayanların valideynlərini və ya digər qanuni nümayəndələrini çağırıb evdən qaçmış uşaqları onlara qaytarmaq;

11.8.3. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində saxlanması qadağan olunan predmetləri yetkinlik yaşına çatmayanlardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada götürmək.

11.9. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver