12.1. Təhsil orqanları öz səlahiyyətləri daxilində:
12.1.1. yetkinlik yaşına çatmayanların təhsili sahəsində Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət edir;
12.1.2. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və internat məktəbləri şəbəkəsinin yaradılması, habelə inkişafında və ya davranışında pozuntu olan yetkinlik yaşına çatmayanlara pedaqoji və digər yardım göstərən müəssisələrin inkişafı üçün tədbirlər görür;
12.1.3. yetkinlik yaşına çatmayanların yay istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edir;
12.1.4. heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır;
12.1.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaları işləyib hazırlayır və onları təhsil müəssisələrinin işində tətbiq edir;
12.1.6. inkişafında pozuntular olan yetkinlik yaşına çatmayanları aşkar edən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır, belə uşaqların kompleks müayinəsini aparır və onlara psixoloji-tibbi-pedaqoji yardımın göstərilməsi və yetkinlik yaşına çatmayanların sonrakı təhsilinin və tərbiyəsinin formalarının müəyyən edilməsi üçün tövsiyələr hazırlayır.
12.2. Tədris prosesini həyata keçirən təhsil müəssisələri öz səlahiyyətləri daxilində:
12.2.1. inkişafında pozuntular olan və ya təhsildə çətinlik çəkən yetkinlik yaşına çatmayanlara sosial-psixoloji və pedaqoji yardım göstərir;
12.2.2. sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və ümumi orta təhsil almaları üçün tədbirlər görür;
12.2.3. sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və tərbiyəsində kömək edir;
12.2.4. təhsil müəssisələrində idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir;
12.2.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görür.