Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilir:

13.1.1. on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan səkkiz yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar;

13.1.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;

13.1.3. valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;

13.1.4. müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan şəxslər.

13.2. Açıq tipli xüsusi təlim-tərbiyə müəssisələri həmçinin:

13.2.1. yetkinlik yaşına çatmayanların tibbi-pedaqoji reabilitasiyasını, habelə psixoloji reabilitasiyasını və psixoloji korreksiyasını təşkil edir və öz səlahiyyətləri daxilində onlarla fərdi profilaktik işin aparılmasında iştirak edir;

13.2.2. yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunmasını təşkil edir, dövlət təhsil standartlarına cavab verən təhsil almalarını, onlara tibbi xidmətin göstərilməsini təmin edir;

13.2.3. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü və 12.2.5-ci maddələri ilə nəzərdə tutulmuş funksiyaları həyata keçirir.

13.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on bir yaşından böyük olan aşağıdakı yetkinlik yaşına çatmayanlar göndərilirlər:

13.3.1. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar bu Qanunun III fəslində nəzərdə tutulmuş qaydada;

13.3.2. cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.

13.4. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məhkəmənin qərarına əsasən həyata keçirilir.

13.5. Yetkinlik yaşına çatmayanlar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on səkkiz yaşına çatana qədər, lakin 3 ildən artıq olmamaq şərtilə göndərilirlər.

13.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına və təhsilinə mane olan xəstəliyə tutulmuş yetkinlik yaşına çatmayanlar belə müəssisələrə göndərilə bilməzlər. Həmin şəxslər tibbi-tərbiyə müəssisələrinə göndərilir. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına yol verməyən xəstəliklərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.7. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti öz səlahiyyətləri daxilində:

13.7.1. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin ərazisinin qorunması da daxil olmaqla, yetkinlik yaşına çatmayanların saxlanılmasının xüsusi şəraitini, yetkinlik yaşına çatmayanların şəxsi təhlükəsizliyini və onların mənfi təsirlərdən maksimum qorunmasını, kənar şəxslərin göstərilən müəssisənin ərazisinə sərbəst daxil olmalarının məhdudlaşdırılmasını, yetkinlik yaşına çatmayanların göstərilən müəssisənin ərazisini icazəsiz tərk etməsini istisna edən təcridini, yuxu üçün ayrılmış vaxt da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara daimi nəzarəti, həmin şəxslərin şəxsi müayinəsini, onların əşyalarının, məktublarının, bağlamalarının və ya digər poçt göndərişlərinin (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada nəzərdən keçirilməsini təmin edir;

13.7.2. müəssisəni icazəsiz tərketmə halları barədə müəssisənin yerləşdiyi ərazinin və yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə daxili işlər orqanlarını xəbərdar edir və onlarla birlikdə yetkinlik yaşına çatmayanların aşkar edilib müəssisəyə qaytarılması üçün tədbirlər görür;

13.7.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmasına 2 ay qalmış bu müəssisədən buraxılması haqqında bildirişi, yetkinlik yaşına çatmayan barəsində xasiyyətnaməni, habelə gələcəkdə onunla fərdi profilaktik işin aparılması barədə tövsiyələrini yetkinlik yaşına çatmayanın yaşayış yeri üzrə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərir;

13.7.4. bu Qanunun 12.2.1-ci, 12.2.4-cü, 12.2.5-ci, 13.2.1-ci və 13.2.2-ci maddələrində göstərilən funksiyaları həyata keçirir.

13.8. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin müdiriyyəti uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə birlikdə göstərilən müəssisənin yerləşdiyi yerin məhkəməsinə aşağıdakı məsələlər üzrə təqdimatlar verir:

13.8.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə onların islah olunması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yetkinlik yaşına çatmayanların digər xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi haqqında;

13.8.2. yetkinlik yaşına çatmayanların islah olmaları ilə əlaqədar intizam təsir tədbirinin tətbiqinə daha ehtiyac olmazsa, onların vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;

13.8.3. yetkinlik yaşına çatmayanların təhsil pillələrindən birinin başa çatdırılması zərurəti yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.

13.9. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarla bərabər aşağıdakı hüquqlara da malikdirlər:

13.9.1. göstərilən müəssisələrdə saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə yetkinlik yaşına çatmayanları, onlara məxsus əşyaları, məktubları, bağlamaları və digər poçt göndərişlərini (yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya qanuni əsaslarla ona hüquqi yardım göstərən digər şəxslər ilə yazışmaları istisna olmaqla), müəssisənin ərazisini, yataq, məişət və digər otaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müayinə etmək və bununla bağlı müvafiq akt tərtib etmək;

13.9.2. yetkinlik yaşına çatmayan tərəfindən ictimai təhlükəli əməllərin törədilməsinin, yaxud öz sağlamlığına zərər vurması, yaxud digər şəxslərin qanunla qorunan maraqlarına və ya dövlətin mənafeyinə yaranan təhlükənin qarşısının alınması məqsədilə müstəsna hallarda, zəruri olan qısa müddət ərzində insan ləyaqətinin alçaldılmaması şərtilə fiziki qüvvə tətbiq etmək.

13.10. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin işçiləri fiziki gücün və xüsusi vasitələrin tətbiq ediləcəyi barədə yetkinlik yaşına çatmayanı əvvəlcədən xəbərdar etməli, qanunazidd əməllərin törədilməsini dayandırmaq üçün ona möhlət verməlidirlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan müayinə zamanı qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına icazə verilməyən əşyalar götürülür.

13.11. Yetkinlik yaşına çatmayanlar barəsində fiziki qüvvənin tətbiq edilərsə, bu barədə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə prokurora 24 saat müddətində məlumat verir.

13.12. Yetkinlik yaşına çatmayanlara qarşı fiziki qüvvə yalnız digər vasitələr nəticə vermədikdə müstəsna hallarda tətbiq edilə bilər. Fiziki və ya psixi pozuntuları olan yetkinlik yaşına çatmayanlara qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyat və sağlamlığına təhlükə yaradan qrup şəklində və ya hər hansı digər hücum istisna olmaqla) fiziki qüvvənin tətbiq edilməsi qadağandır.

13.13. Fiziki qüvvənin müstəsna hallarda bu Qanunun tələblərinə uyğun olaraq tətbiqi yaranmış təhlükəyə mütənasib olmalı, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

13.14. Fiziki qüvvənin cəza, fiziki və ya psixoloji iztirab verilməsi məqsədilə tətbiq edilməsi qadağandır.

13.15. Fiziki qüvvə tətbiq edilmiş yetkinlik yaşına çatmayan tibbi baxışdan keçirilir və sağlamlığına zərər vurulduğu halda tibbi yardımla təmin edilir. Tibbi yardıma ehtiyac olmadıqda yetkinlik yaşına çatmayan 24 saatadək müddətə xüsusi bərpa otağında yerləşdirilir. Burada onun psixoloji bərpası üçün psixoterapevt və psixoloq-pedaqoq tərəfindən müvafiq tədbirlər görülür. Yetkinlik yaşına çatmayanın bərpa otağında yerləşdirilməsi ilə bağlı bütün tədbirlər sənədləşdirilir və müvafiq qaydada qeydiyyatdan keçirilir.

13.16. Yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiq edildiyi hər bir hal barədə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə prokurora 24 saat müddətində məlumat verməli və fiziki qüvvənin tətbiqinin qanunauyğun olub-olmaması barədə xidməti yoxlama apararaq müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 3 gün müddətində prokurorluq orqanlarına təqdim olunur.

13.17. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət olunmaması, habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə hal barədə qəsdən yanlış məlumat verilməsi, yaxud xidməti yoxlama aparılması qaydalarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver