Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:

1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;

2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır;

3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi “Tibbi yardım məntəqəsi” yol nişanı ilə bildirilməlidir;

4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;

5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir;

6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir;

7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir;

8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli, xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır;

9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək, qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər düzəldilməlidir;

10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə:

1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;

2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları;

3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri;

4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsində göstərilmiş tələbləri pozan hüquqi və ya fiziki şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır.

V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, qorunmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver