Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.

II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir.

III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.

IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:

1) örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti;

2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;

3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;

6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;

7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi;

8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;

9) kütləvi istirahət yerlərinin təşkil edilməsi;

10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;

12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma.

V. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır:

1) yolun hərəkət hissəsində, velosiped yollarında və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması;

2) geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi;

3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması;

4) yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması;

5) avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması bu Qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi;

6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi;

7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi;

8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;

9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər).

VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilən hüquqi və ya fiziki şəxslər ilə razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, yol örtüyü və yolun mühəndisi konstruksiyası zədələndikdə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edildikdə, onların sahibləri bu zərəri ödəməyə borcludurlar.

VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir.

VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver