I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.
II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.
III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:
1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;
2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən.
IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.