Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasının tibb müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.

III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

IV. Sürücülər idarə etdikləri (avtonom nəqliyyat vasitələrinə münasibətdə isə avtonom nəqliyyat vasitəsinin operatoru) nəqliyyat vasitələrində ilk tibbi yardım qutusunun olmasını, onun komplektləşdirilməsini təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver