Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır.

II. Velosiped, asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla) sürücülərinə:

1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək;

2) nəqliyyat vasitəsinin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya nəqliyyat vasitəsini idarə etməyə mane olan yük aparmaq;

3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək (yalnız velosipedçilərə şamil edilir);

4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;

5) sərnişin daşımaq;

6) nasaz nəqliyyat vasitəsindən istifadə etmək;

7) velosiped, asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri, asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağandır.

II-I. Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır.

III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

IV. Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu Qanunun 37-ci maddəsinin I və IV hissələrində, V hissəsinin 2–4-cü bəndlərində, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver