I. Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri xarici işıq cihazlarını yandırmalıdırlar.
II. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidirlər.
III. Kiçik elektrik nəqliyyat vasitələrinin sahibləri onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdehdirlər.
IV. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakılar qadağandır:
1) bu maddədə qeyd olunanlara riayət etmək şərtilə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək;
2) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
3) kiçik elektrik nəqliyyat vasitələrini onlar üçün nəzərdə tutulmamış yerlərdə parklamaq;
4) müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq;
5) nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək;
6) piyadaların hərəkətinə maneə yaratmaq;
7) sükan olduğu halda, sükanı tutmadan hərəkət etmək;
8) kiçik elektrik nəqliyyat vasitəsinin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə mane olan yük aparmaq;
9) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;
10) sərnişin daşımaq;
11) nasaz nəqliyyat vasitəsindən istifadə etmək;
12) kiçik elektrik nəqliyyat vasitələrini, eləcə də kiçik elektrik nəqliyyat vasitələri ilə yedəyə almaq.
V. Kiçik elektrik nəqliyyat vasitəsi səs siqnalı, əyləc və xarici işıq cihazları ilə təmin edilməlidir.
VI. Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının (bundan sonra - operator) kiçik elektrik nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi ərazi (zona) üzrə say hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.