Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1000/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 985 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2015-ci il tarixində qardaşı Cavabdeh ehtiyaclarını qarşılamaq məqsədi ilə öz adına "xxxx" Bank Olmayan Kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış və 07 aprel 2015-ci il tarixində 24 ay müddətinə 3.700 manat məbləğində kredit götürmüşdür. Qardaşı Cavabdeh ona bildirmişdir ki, o, zərgərlik məhsullarının alış-veriş biznesi üçün həmin krediti almaq istəyir. Qardaşı "Merkuri’' Bank Olmayan Kredit təşkilatında borc almaq üciin ondan kömək istəmiş və kredit müqaviləsi üzrə zamin olmağını xahiş etmişdir. Həmçinin, həmin vaxt aralarında münasibətləri normal olmuş və ona köməklik məqsədilə zamin olmağına razılıq vermişdir. Krediti alandan bir-iki ay sonra, qardaşı ona bildirdi ki, onun maddi vəziyyəti yaxşı deyil, biznesi alınmadı və banka borcu ödəməyə pulu yoxdur. Qardaşı ondan onun banka yaranmış aylıq borcunun ödənişində köməklik göstərməyi xahiş etmiş və ona həmin pulları sonra qaytarmağa söz vermişdi. O, köməklik edib və tərəfindən ödənilən qəbzləri qardaşına verirdi ki, bankda ödənişlə bağlı problem yaranan halda dərhal təqdim edə bilsin. Bir müddət sonra isə ona bildirdi ki, həmin borcu banka ümumiyyətlə qaytarmağa imkanı və pulu yoxdur. O, həmin kreditin alınmasında zamin olduğu üctin, qardaşının sözügedən "xxxx" BOKT-a yerdə qalan bütün borcunu - 985 manat məbləğində pulu 13 noyabr 2015-ci il tarixində ödəməyə məcbur olmuş və bununla ona məxsus bank kreditini tamamilə ödəmiş olmuşdur. Qardaşı isə bir daha söz verdi ki, tərəfindən “Merkuri’' BOKT-a ödənilən bütün pulları yaxın zamanda ona qaytaracaq. Lakin son dövrdə onunla münasibətləri pisləşmiş və o, da bundan istifadə edərək bildirdi ki, ona pulunu qaytarmayacaq və artıq tərəfindən "xxxx" BOKT-a ödənilən qəbzləri və məsələyə aid bütün sənədləri belə itirib ya da tullayıb. Bununla əlaqədar cari ilin may ayında məcbur olub Mirəli Qaşqay 71 ünvanında yerləşən “Mekuri” Bank Olmayan Kredit təşkilatına sorğu ilə müraciət etmiş və qardaşı Cavabdeh məxsus kreditin (KR-1-2595-2015 kredit müqaviləsi) tərəfindən ödənilən qəbzlərini və zaminlik haqqında müqavilənin (müqavilənin onda olmaması səbəbdən) sürətlərini əldə etməyə çalışmışdır. Lakin ona "xxxx" BOKT-da şifahi olaraq bildirdilər ki, bu məlumatlar bank sirrini təşkil etdiyindən onlar yalnız ya borcalanın özünə, ya da məhkəmə tərəfindən sorğu veriləcəyi halda məhkəməyə bu sənədləri təqdim edə bilərlər. Artıq qardaşının bu hərəkətlərindən bezmiş və bu səbəbdən o da onun kreditinə görə ödədiyi pulları tələb etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ona qarşı pul tələbinə dair iddiasında göstərilən dəlillər tamamilə əsassızdır. Bildirir ki, həmin məhkəmədə anası və qardaşı tərəfindən ona qarşı bir neçə əsassız iddia qaldırılmışdır. Sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Belə ki, iddiada göstərilmiş tələblər əsassız və qanunsuz olmaqla yanaşı iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərini ötürmüşdür. Göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375 maddələrini nəzərə alaraq, iddia tələbinin iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun istirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X1 Kredit Təşkilatı” QSC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli KR-1-2595-2015 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, təşkilat tərəfindən sonuncuya 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 3.700 manat məbləğində kredit verilmişdir. Kreditin ilkin ödəniş tarixi 07 may 2015-ci il, sonuncu ödəniş tarixi isə 07 aprel 2017-ci ildir. “X1 Kredit Təşkilatı” QSC-nin 13 noyabr 2015-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən təşkilata 985 manat məbləğində ödəniş edilmişdir. “X1 Kredit Təşkilatı” QSC-nin məhkəməyə ünvanladığı 22 fevral 2022-ci il tarixli məktubdan görünür ki, müştəri Cavabdeh 07 aprel 2015-ci il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən 3.700 manat, 24 ay müddətinə, illik 30 faiz olmaqla istehlak krediti verilmişdir. Kredit 13 noyabr 2015-ci il tarixdə tam olaraq ödənilmişdir. Təşkilatın daxili qaydalarına əsasən kredit və kassa sənədləri 5 ildən sonra ləğvetmə prosesinə cəlb edilərək ləğv olunur. Odur ki, qərardadda qeyd edilən sənədlər ləğv edilmişdir. 23 noyabr 2021-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə cavabdeh arasında 06 aprel 2015-ci il tarixli KR-1-2595- 2015 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 3.700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik 13 noyabr 2015-ci il tarixdə tam olaraq icra edilmiş, həmin tarixdə 985 manat məbləğində ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə zamin olaraq ödədiyi 985 manat məbləğində vəsaiti cavabdehdən tələb edir, cavabdeh isə iddianın əsassız olduğunu bildirərək iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “X1 Kredit Təşkilatı” QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun təşkilat qarşısında öhdəliyini icra etməsi üçün zamin kimi məsuliyyəti öz üzərinə götürdüyünü bildirsə də, iddiaçı yazılı formada bağlanmış zaminlik müqaviləsini məhkəməyə təqdim edə bilməmiş, “X1 Kredit Təşkilatı” QSC tərəfindən də belə bir müqavilənin mövcudluğu təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qeyd olunan kredit müqaviləsi üzrə zamin olsa idi belə, hazırki iddiaya üç illik iddia müddəti şamil olunduğundan iddia təmin edilə bilməzdi. Belə ki, Mülki Məcəllənin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Göründüyü kimi, zaminlə əsas borclu arasında olan münasibətlər müqavilə əsasında yaranmış və zaminin kreditor qarşısındakı öhdəliyi əlavə (aksessor) öhdəlikdir. Əsas öhdəliyin icrası tarixi 13 noyabr 2015-ci il olduğundan iddia müddətinin axımı həmin tarixdən başlamış və 13 noyabr 2018-ci il tarixdə bitmiş, iddiaçı isə hazırki tələbi ilə məhkəməyə 14 dekabr 2021-ci il tarixdə müraciət etmiş və bununla da qanunvericikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmış olduğu halda belə iddiaçının ödədiyi məbləği qaytarmaq hüququ iki illik müddətin keçməsinə görə qüvvədən düşdüyündən, cavabdeh isə iddia müddətinin tədbiqi ilə bağlı məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1000/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1000/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver