Məhkəmə qərarları › İş №2(001)-1005/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1005/2024

18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1005/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1- ci massiv, 4-cü döngə, 325 nömrəli evin mətbəxində mebel dəsti sifariş etmək üçün mebel ustası axtarırdı. Tanıdığı bir şəxsin vasitəsilə mebel ustası kimi Cavabdeh istifadəsində olan *** *** ** **, 051 *** ** ** və 070 *** ** ** mobil telefon nömrələrini əldə etmiş və onunla əlaqə saxlayaraq tanış olmuşdur. Telefon danışıqlarında Cavabdeh da özünü mebel ustası kimi təqdim etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yaşadığı həmin evdə yerləşən mətbəx otağı üçün mebel və sair əşyaları hazırlaması və quraşdırması ilə əlaqədar evinə dəvət etmişdir. Razılıqlarına əsasən mətbəx mebelinin hazırlanması və quraşdırılması üçün 3.800 AZN, mətbəx mebelinin üzərinə quraşdırılacaq qranit üçün isə 1.700 AZN məbləğində nağd pulu Cavabdeh verməli idi. Onun tələbi ilə işə başlaması üçün ilkin olaraq 2000 AZN, bir neçə gün sonra isə 400 AZN pulu Cavabdeh vermişdir. Həmçinin hazırladığı mətbəx mebelini Cavabdeh 20 (iyirmi ) gün ərzində evində quraşdıraraq pulun qalan hissəsini ondan almalı idi. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə aralarında müvafiq müqavilə bağlanıldı və müqavilənin şərtlərinə əsasən Cavabdeh evində köhnə mətbəx mebelinin sökülməsini, yeni mebelin keyfiyyətli və yeni üsulla vaxtında yığılıb təhvil verilməsini, mebelə aid qapıların rənglənməsini, zərurət yaranarsa başqa ustaların da cəlb edilərək digər təmir işlərinin icrası ilə bağlı təminat verməsini öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh vəd verdiyi vaxtda mətbəx mebelini evinə gətirməmiş və telefon zənglərinə də cavab vermədiyi üçün onu aldatdığını düşünmüşdür. Telefon zənglərinə cavab vermədiyi üçün onu işlədiyi Bakı şəhəri Biləcəri qəsəbəsindəki mebel sexlərində axtarsa da, tapa bilməmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə həmin ərazidə xidmət aparan Elvin adlı sahə polis isnpektoru (tel:055 *** ** ** ) vasitəsilə Cavabdeh yaşadığı Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, Dəmir yolu küçəsi, 34 nömrəli evdə tapa bilmişdir. O müxtəlif bəhanələrlə pulunun qurtardığını, sifarişinin Türkiyə dövlətindən gətirəcəyi materiallarla hazırlayacağını və bunun üçün ona əlavə pul lazım olacağını bildirdi. Qarşılıqlı razılığa gəldikdən sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə evinə gəldi və mətbəxin divarında nəzərdə tutulmuş qapı və rəfləri deyil, yalnız taxta parçalardan hazırlanmış nazik hissələri divara bərkidərək mətbəx mebelinin digər bütöv hissələrini xx.xx.2023-cü il tarixdə evinə gətirib quraşdıracağına vəd verib, ondan əlavə olaraq 2.000 AZN pul istədi. Sifarişinin yarımçıq qalmaması üçün ona əlavə olaraq 2.000 AZN pul vermişdir. Bundan sonra mətbəxə aid rəng üçün 550 AZN, digər avadanlıqlar üçün 150 və 300 AZN pul vermişdir. Pulları ondan alandan sonar Cavabdeh yenə də ondan gizlənməyə başlamış və ona etdiyi telefon zənglərinə cavab vermədiyi üçün yenə də onu axtarmağa başlamışdır. Lakin bu dəfə Cavabdeh barəsində aldığı məlumatlarda onun saxta dizayner ustası adı altında işlərlə məşğul olan şəxs olması bildirildi. Başa düşmüşdür ki, Cavabdeh etibarından sui-istifadə edərək 4.600 AZN məbləğində pulunu qabaqcadan planlaşdırdığı kimi onu aldatmaqla qanunsuz olaraq ələ keçirmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə ərizə ilə DİN-in Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edərək etibarından sui istifadə etməklə, onu aldadaraq 4.600 AZN puluna sahib olan Cavabdeh ona vurduğu maddi zərərin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, aramızda olan razılığa əsasən cavabdehə mətbəx mebelinin hazırlanması və quraşdırılması üçün 3800 manat və mətbəx mebelinin üzərinə quraşdırılacaq mərmər üçün isə 1700 manat pul verməli idim. Mən cavabdehə işə başlaması üçün ilkin olaraq 2000 manat, bir neçə gün sonra isə 400 manat pul verdim. Lakin cavabdeh mətbəxə yalnız mebelin alt şkafını gətirib yığmış, mətbəx mebelinin qalan hissəsini isə vəd etdiyi vaxtda gətirib quraşdırmamışdır. Daha sonra cavabdehi tapa bilməmiş, lakin onu tapandan sonra artıq mebelin membrandan yox, maşın boyası ilə düzəldilməsi barədə razılığa gəlmişlər. Maşın boyası baha olduğu üçün cavabdeh ondan yalnız mətbəx mebelinə görə 5500 manat pul istəmişdir. Cavabdehə birinci dəfə 2000 manat pulu evdə həyat yoldaşımın yanında, daha sonra 400 manat və 200 manat vermişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü ildə ondan 3500 manat istəməsinə baxmayaraq 2000 manat pulu ortaq tanışları olan mebel ustası Fərhada vermiş və Fərhad da həmin pulu onun və taksi sürücüsü Xəqaninin yanında cavabdehə vermişdir. Cavabdeh işini 20 günə yəni xx.xx.2023-cü il tarixinə işi təhvil verməli idi. Mətbəxin üzərinə quraşdırılan mərməri cavabdeh yox, başqa usta 1900 manata quraşdırmışdır. Cavabdehin aldığı 4600 manatın müqabilində gördüyü iş çox cuzi olmuşdur. Qapıların işlənməsi və rənglənməsi, petlə, tutacaq, mexanizmlər, şüşələr onun tərəfindən alınmış, quraşdırmatamamlama işlərini isə öz vəsaiti hesabına başqa şəxslərə gördürmüşdür. Malyara 550 manat, Qapının petləsinə və digər materiallara isə cəmi 320 manat xərci çıxmışır.

4. Sonuncu məhkəmə iclasında iddiaçı yazılı qaydada vəsatət təqdim edərək, mebelin hazırki vəziyyətə gətirilməsinə görə cəmi 12125 manat məbləğində xərcinin çıxdığını bildirmişdir. Bundan usta Ayəddinə 740 manat, usta Elşənə 1080 manat, usta Fərhada 1805 manat, Kamrana 200 manat kart vasitəsilə, 400 manat nəğd və 4000 manat müqaviləyə əsasən ödəniş etmişdir. Bundan başqa mərmər materiala 1700 manat, aksessuarlara 300 manat, rəngsaza 600 manat və əlavə mebel hissələrinə 1300 manat pul xərcləmişdir. Eyni zamanda ekspertizaya 200 manat pul ödəmişdir.

5. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, iddiaçının evində əvvəllər işləmiş, hətta o vaxtdan iddiaçının ona 600 manat borcu qalmışdır. Daha sonra iddiaçı onun əl işini bəyəndiyini və evində mətbəx mebeli düzəldilməsini istəmişdir. Razılıqları membran materiallı mebelin yığılması üstündə olmuşdur. Membranın 1 kv.m qiyməti 450 manatdan hesablamışdır. Yığılacaq mebel isə 2.90 və 3.90 kv.m olmaqla, təxminən 7 kv.m olmuşdur. Mebelin üstünə qoyulacaq mərmərin 1700 manat olması inandırıcı deyil. Çünki mərmərin kvadrat metrəsi 110 manatdır. O, belin alt hissəsini təhvil verəndən sonra iddiaçı mərməri qoyan usta ilə razılaşa bilmədilər. Usta isə etirazını bildirərək, çıxıb getmişdir. Ustanı iddiaçının özü tapmış, həmin usta da işi yaxşı görməmişdir. Mebelin təhvilinin bu qədər uzanmasının səbəbi iddiaçının özüdür. Belə ki, iddiaçı mebelin hansı materialdan olmasını seçə bilmirdi. Təkcə mebelin qapılarının hazırlanması üçün iddiaçının evində 3-4 dəfə olmuşdur. İddiaçı ona ilk dəfə membran materialdan mebelin yığılması üçün danışılan 3500 manat məbləğin 2000 manat hissəsini vermişdir. Daha sonra fikrindən daşınıb mebeli klassik üslubda istədiyindən ona 2000 manat da pul vermişdir. Sonuncu dəfə şkafın qapılarını qoyub evdən çıxmışdır. Hətta ona çatacaq 400 manat pul vəsaiti də iddiaçı verməmişdir. İddiaçının ona borcunun olmasına baxmayaraq, qapıların qoyulmasını Fərhaddan xahiş etmişdir.

6. Verilən suallara cavab olaraq bildirdi ki, mebelin bütün taxta materiallarını təhvil vermiş, quraşdırma və boya işini isə iddiaçı özü başqa ustaya gördürmüşdür. O, şkafın qapılarını qoymuş və evdən çıxmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən sifarişçi İddiaçı ünvan 1 ünvanında olan mənzilində mətbəx mebeli düzəltməsi üçün podratçı Cavabdeh sifariş vermişdir. Müqavilənin şərtlərinə görə podratçı köhnə mebeli sökməli və yeni üsulla yeni mebel quraşdırmalı, eyni zamanda digər ustaları cəlb etməklə qapıların rənglənməsini həyata keçirməli idi. Tərəflər sifarişin qiyməti barədə belə razılaşırlar ki, sifarişçi mebel üçün 3800 manat və mərmər üçün 1700 manat olmaqla, cəmi 5500 manat pul verməli idi. Həmin vaxt sifarişçi 2000 manat avans ödəmişdir. Podratçı isə 20 gün müddətində, yəni xx.xx.2022-ci il tarixə işi təhvil verməli idi.

8. Daha sonra tərəflər arasında həm sifarişin vaxtında yerinə yetirilməsi, həm də işin keyfiyyəti ilə bağlı mübahisə olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə tərəflər arasında yeni razılaşma olur və sifariş tərəflərin razılaşmasına əsasən dəyişdirilir. Yeni razılaşmaya əsasən mebel membran materialdan yox, avtomobil boyası ilə başqa üsulla hazırlanmalı və bunun üçün sifarişçi podratçıya əlavə olaraq 3500 manat ödəməli idi. Yəni tərəflərin yeni razılaşması ilə sifarişin dəyəri mərmərsiz 5500 manat məbləğində müəyyən edilir, ilkin razılaşmaya əsasən ödənilən 2000 manat avans kimi nəzərə alınır, əlavə olaraq 2000 manat sifarişçi ödəniş edir, qalıq borc 1500 manat olur. Podratçı bundan əlavə 2023-cü ilin mart ayının 7-nə kimi işi təhvil verməyi, əks halda 40% cərimə ödəyəciyi barədə öhdəlik götürür.

9. Bundan sonra cavabdeh razılaşdırılan müddətdə işi tamamlamır və iddiaçının zənglərinə cavab vermir. İddiaçı isə cavabdehin hərəkətləri barədə polisə iddia ərizəsində göstərilən eyni məzmunlu şikayət vermiş və Səbail RPİ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatı alına bilməmiş və mübahisənin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

10. İddiaya görə podratçı razılaşdırılmış müddətdə işi tam təhvil verməmiş, yalnız mebelin alt hissəsini quraşdırmış, qapıları boyatmamış, petlələri, şüşələri verməmişdir. Sifarişçi isə öz vəsaiti hesabına başqa ustalara sifarişi tamamlamış və bunun üçün onun mərmərə ödədiyi 1700 manat və podratçıya ödədiyi 4600 manatdan başqa 5825 manat xərci çıxmışdır. Bundan əlavə iddia edilir ki, podratçı aldığı məbləğə mütənasib iş icra etməmişdir.

11. Cavabdeh ona 4000 manat ödənildiyini və işi tam təhvil vermədiyini qəbul edir.

12. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edildiyindən "xxxx" MMC-dən alınan xx.xx.2024-cü il tarixli, 0132 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mətbəx mebelinin faktiki vəziyyətə gətirilməsi üçün(mərmər istisna olmaqla) təxminən 7800 manat vəsait xərclənə bilərdi. Belə ki, mebelin uzunluğunun 8.7 m, hündürlüyünün 3.12 m olduğu, mebelin karkasının DSP, qapaqlarının MDF materialdan yığıldığı, üzərinin boyandığı nəzərə alındıqda və petlə, şüşə, mexanizm və usta xərci, daşıma,quraşdırma xərcləri də daxil edildikdə belə mebelə görə bir paqon metrə üçün ***-**** manat vəsait tələb edilir. Belə olduğu təqdirdə orta hesabla mebelin faktiki vəziyyətə gətirilməsi üçün yuvarlaq hesabla təxminən 7800 manat xərc çəkilməlidir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

16. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

18. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

19. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

20. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

21. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

22. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

23. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

24. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir.

25. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

26. 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmənin mövqeyi:

27. Müəyyən edilən işin hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, tərəflərin xx.xx.2023-cü il tarixli razılaşmasına əsasən cavabdeh 5500 manat muzd müqabilində iddiaçının evində öz materialları ilə mətbəx mebeli hazırlamalı, quraşdırmalı və işi xx.xx.2023-cü il tarixədək tamamlamalı idi. Bununla bağlı iddiaçı cavabdehə 4600 manat verdiyini iddia edir, cavabdeh isə ona 4000 manat verildiyini bildirir. Bununla belə iş materiallarında olan bank hesab çıxarışından görünür ki, sonu 2708 olan hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş edilmişdir. Hansı ki, cavabdeh həmin kartın ona məxsus olmasını mübahisələndirməmişdir. Sübutetmə baxımından məhkəmə o qənaətə gəlir ki, iddiaçı tərəfdən cavabdehə 4200 manat ödənildiyi işin halları ilə öz təsdiqini tapır. Bundan başqa tədqiq edilən sübutlarla müəyyən edilir ki, cavabdeh işi vaxtında və tam icra etməmişdir, hansı ki, cavabdeh də bunu qəbul edir.

28. Məhkəmənin qənaətinə görə tərəflərin razılaşdığı sifarişin, yəni mətbəx mebelinin tam hazır vəziyyətə gətirilməsi üçün 7800 manat vəsaitin kifayət etməsi ekspert rəyi ilə müəyyən edildiyindən, podratçı 5500 manat muzd müqabilində işi icra etməyi öhdəsinə götürdüyündən, podratçı sifarişi kəmiyyətcə tamamlamayaraq işi qüsurlu icra etdiyindən, sifarişçinin əlavə icra tələbi podratçı tərəfindən yerinə yetirilmədiyindən, sifarişçi qüsuru öz vəsaiti hesabına aradan qaldırdığından həmin məbləğlər arasında fərq sifarişçinin çəkdiyi xərc hesab edilməlidir.

29. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və cavabdehdən 2300(7800-5500) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianı digər hissədə ona görə əsassız hesab edir ki, sifarişçi podratçının faktiki icra etdiklərini qəbul etməklə, onun verdiyi materiallardan istifadə etməklə həmin işlərə marağı olduğunu təsdiq etmişdir. Buna görə də onun müqavilədən imtina etsə də, yerinə yetirilmiş işin haqqını podratçıya verməkdən imtinası əsassızdır. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Bundan əlavə mütəxəssis üçün ödənilməli olan 300 manatın 200 manatı iddiaçı tərəfindən ödənildiyindən, ödənilməyən 100 manat hissə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

39. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisə ödənilməli olan xərcin əvəzi qismində Cavabdeh 100(bir yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar