Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1007/2022 07.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddia ərizəsi üzrə mülki işə 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2018-ci il tarixdə vəfat etmiş anası X2 mirasının qəbuluna dair buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X1 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 409 nömrəli bağın icarəyə verilməsinə dair mərhum anası X2 adına 26 dekabr 2005-ci il tarixli, 16105 saylı icarə müqviləsi bağlanmışdır. Anası 01 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin nikahı 18 noyabr 1980-cı il tarixdə pozulmuşdur. Ailədən ondan başqa 4 övlad vardır. Anasının adına rəsmiləşdirilmiş bağ sahəsi anasının sağlığında və vəfatından sonra hal hazıradək onun istifadəsində və sahibliyində olmuşdur. Bir müddət əvvəl o, anasının vəfatından sonra qeyd olunan bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə 20 saylı Notariat Ofisinə müraciət etsə də, müddətin ötürülməsi əsas gətirilərək şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Halbuki, onun vərəsəlik işi açılması üçün notariat ofisinə müraciət edilməsi ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulduğunu bilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, 2020-ci ildən ölkə ərazisində pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq edilmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisi xüsusi notariusu ərizə ilə məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 iyun 2018-ci il tarixdə vəfat etmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Cəlalova) X6 anası X4r. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, 0,12 ha. torpaq sahəsi olan 409 saylı bağ sahəsinin üzərindəki tikililərlə istifadəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 26 dekabr 2005-ci il tarixli, 16105 saylı müqavilə İdarənin arxivində mövcuddur. - Bakı şəhəri 20 saylı notariat ofisinin İddiaçı ünvanlandırdığı məktubdan görünür ki, onun 01 iyun 2018-ci ildə vəfat etmiş anası X2 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış, müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış, bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Məhkəmə qeyd edir ki, həqiqətən iddiaçı mirasın qəbulu müddətinin 3 ay olduğunu bilməmişdir. Hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. İddiaçının 3 ay ərzində mirası qəbul etməməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) onun bu hüquqdan imtinası kimi qiymətləndirilə bilməz, çünki bu bilikli olmayıb. Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Həmçinin, 2019-cu ildən X3 tərəfindən koronavirus pandemiyasının elan olunduğunu, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla xüsusi karantin rejimimin tətbiq edilməsini və bunun nəticəsində bir sıra qurumlarda vətəndaşların qəbulunun dayandırılmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 01 iyun 2018-ci il tarixdə vəfat etmiş anası X2 mirasının qəbuluna dair müəyyənləşdirilmiş müddətin buxarılması üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1007/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1007/2022
07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver