Məhkəmə qərarları › İş №2(001)-1007/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1007/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1007/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına AR DƏDRX tərəfindən ünvan 1-ə (yeni qayda ilə Bakı şəhəri S.S.Axundov küçəsi 263 M 4 mənzil 6) verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzildə onun 1/2 hissədə payının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun övladı X1 qaynanası olmuşdur. Qızı Fidan cavabdehin oğlu X3 rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onları mənzillə təmin etmək üçün köməkli şəkildə mənzil almaq qərarına gəlmişlər. Bu məqsədlə "xxxx" MTK ilə ünvan 1-in alqı-satqısına dair xx.xx.2006-cı il tarixdə müqavilə bağlanmışdır. Onlar həmin mənzili cavabdehin adına rəsmiləşdirmək qərarına gəlmişlər. Mənzilin dəyəri 44.000 manat məbləğində müəyyən edilmişdir. Bu vəsaitdən də 26.700 ABŞ dolları məbləğində hissəsi onun tərəfindən ödənilmişdir. Təbii ki, bu mənzildə onun övladı və nəvələri yaşadığı üçün və onlar qohum olduqları üçün o, mənzilin cavabdehin adına olmasında heç bir problem görmürdü. Lakin qızı ilə cavabdehin oğlunun nikahları 2022-ci ildə rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulmuş və bundan sonra da onların arasında olan münasibətlər kəskin şəkildə pisləşmişdir. Təbii ki, belə bir vəziyyətdə mübahisə predmeti olan mənzilin tam şəkildə cavabdehin adına olması da onun bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Ona görə də o, bu mənzildə mülkiyyət hüququnu tanıtmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, tərəflər arasında müqavilənin ləğv edilməsinə dair mülki işə baxılarkən şahid qismində dindirilmiş X5 ifadəsində iddiaçını uzun müddətdir tanıdığını, mənzil alınan vaxt "xxxx" MMC-də baş mühasib vəzifəsində işlədiyini, xx.xx.2006-cı il tarixli müqaviləni Cavabdeh adından iddiaçının imzaladığını, iddiaçı tərəfindən MMC-nə ilkin olaraq 17.700 ABŞ dolları, daha sonra 10.000 ABŞ dolları məbləğində pul ödənildiyini bildirmişdir. Göründüyü kimi mübahisəli mənzilin pulunun bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçının hazırkı iddiası tam qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, tərəflərin övladları arasında rəsmi nikah bağlanmış, sonradan məhkəmə qətnaməsinə əsasən nikah pozulmuşdur. Mübahisəli mənzilə dair xx.xx.2006-cı il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və mənzilin dəyəri şəxsən cavabdeh tərəfindən MMC-nə ödənilmişdir. Həmin müqavilə əsasında xx.xx.2008-ci il tarixdə mənzilə dair Cavabdeh adına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 024897 nömrəli order verilmişdir. Mübahisəli mənzillə bağlı iddiaçı hər hansı məbləğdə pul ödəməmiş və mənzilə dair cavabdehin adına çıxarışın verilməsindən iddiaçının xəbəri olmuşdur. İddiaçı mübahisəli mənzilə dair müqaviləni mübahisələndirmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3062/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçının həmin müqavilə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini, mənzildə 1/2 hissədə payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etməsi absurddur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MMC Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3132 məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikilməkdə olan binasında 18 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 7-ci mikrorayon ev 3C mənzil 18 (Yeni qaydalarla: AZ 1115, Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 263 M4 m6) xx.xx.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3062/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh və "xxxx" İnşaat” MMC-yə qarşı "xxxx" MMC ilə Cavabdeh arasında 19 sentyabr 2006-cı il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3062/2022 nömrəli xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3062/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X4, Cavabdeh, X6 və X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə İddiaçı Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 7-ci mikrorayon ev 3C mənzil 18-in (Yeni qaydalarla: AZ 1115, Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 263 M4 m6) ümumi dəyərini təşkil edən 44.000 manat məbləğində pulun 26.700 ABŞ dollarının onun tərəfindən ödənildiyini, bu səbəbdən onun da mənzil üzərində mülkiyyət hüququnun olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan hallarla bağlı iddiaçının yalnız mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ümumiyyətlə, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 3062/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, «iddiaçı mübahisəli mənzilin dəyərinin 26.700 ABŞ dolları hissəsinin onun tərəfindən ödənildiyini, bu səbəbdən onun, xüsusilə də qızı X1 mənzildən pay almaq hüququnun yarandığını iddia edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixli müqavilənin tərəfi olmadığından iddiaçılar cavabdehlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onların iddiasının rədd edilməsini şərtləndirir». Göründüyü kimi iddiaçının həm hazırkı, həm də müqavilənin ləğv edilməsi tələbinə dair əvvəlki iddiasının əsasını mübahisəli mənzilin dəyərinin 26.700 ABŞ dolları hissəsinin onun tərəfindən ödənilməsi, bu səbəbdən onun mənzildən pay almaq hüququnun olması təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsini tələb etmək üçün subyektiv hüququ yaranmadığından, həmin müqavilə əsasında Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 7-ci mikrorayon ev 3C mənzil 18-ə (Yeni qaydalarla: AZ 1115, Bakı şəhəri Binəqədi rayonu X11 küçəsi 263 M4 m6) dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini və mənzildə onun 1/2 hissədə payının müəyyən edilməsini tələb etmək üçün də subyektiv hüququ olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-3062/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hazırkı iddia tələbi xx.xx.2006-cı il tarixli müqavilədən törəmə tələbdir. İddiaçının mübahisəli mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmaması isə tərəflər üçün preyudisiya əhəmiyyətinə malik olan digər məhkəmə aktına əsasən öz təsdiqini tapmışdır. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilməsi tələbinə dair işə baxılarkən iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsi iddianın əsaslığını təsdiq edən sübut kimi qiymətləndirilməmişdir. Bu səbəbdən məhkəmə hazırkı işdə iddiaçı tərəfin həmin şahid ifadəsinə istinad etməsini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddiası rədd edisin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar