Məhkəmə qərarları › İş №2(001)-102/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-102/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-102/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “X13” Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də üçüncü şəxs qismində cəlb olunduqları “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 305 ünvanında yerləşən ev mülkiyyətçi tərəfindən A tikilisində yerləşən torpaq sahəsi X3, V tikilisində yerləşən torpaq sahəsi X4 və B tikilisində yerləşən torpaq sahəsi İddiaçı, yəni ona bağışlanmışdır və bu barədə bölgü sxemi tərtib edilmişdir. A tikilisində yerləşən torpaq sahəsinin mülkiyyətçisi X5 onun anasıdır. Anası 17 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra A tikilisində yerləşən torpaq sahəsində yerləşən evdə qardaşı Cavabdeh1 və arvadı Cavabdeh2 yaşayırlar. Cavabdeh1 faktiki vərəsəliyi qəbul etmiş və hazırda da həmin evdə ailəsi ilə birgə yaşayır. Hər bir tikilinin çıxarışı və bölgü sxemi vardır. Bölgü sxemində həyətyanı sahə də tikililərə uyğun olaraq bölünmüşdür. O, texniki pasportla müəyyən edilmiş bölgü sxeminə uyğun olaraq həyətyanı sahənin özünə məxsus hissəsindən mişar daşları ilə daş hasar çəkmək istəyir, lakin cavabdehlər buna imkan vermirlər. Həmin yerə dəmir borular və daş tökərək ona maneələr yaradırlar. Öz hesabına hasar çəkdirdiyini bildirsə də, buna imkan vermirlər, dava-dalaş salır, mübahisələr yaradır, qarğış edir, nalayiq sözlər və ifadələr işlədir, şərəf və ləyaqətini alçaldır. Hər davadan sonra ona psixoloji travmalar yaşadırlar və ona 1000 manat məbləğində mənəvi ziyan dəymişdir. Özü xəstədir, qulağı eşitmir, eşitmə cihaz ilə gəzir. Həyətində rahat gəzə bilmir, özünü evində rahat hiss edə bilmir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157, 165 və 178.1-ci maddələri ilə əsaslandıraraq, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına yaradılan maneələrin aradan qaldırmaq vəzifəsinin cavabdehlərə həvalə edilməsi, onun mülkiyyət hüquqlarının pozulmasına görə 1000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi Vəkil qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin neft şirkətinin torpaq sahəsi olub-olmaması məsələsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilmiş, həmin ərazinin neft şirkətinə aid olmaması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, Cavabdeh1 iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bölgü sxeminin və digər sənədlərin saxta olduğunu bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi təqdim etməklə yanaşı, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs “X13” Şirkətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs “X13” Şirkəti hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin üçüncü şəxs “X13” Şirkətinin nümayəndəsi X6 “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin əsassız olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.00874 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 37, ev 305 ünvanında İddiaçı və qeyriləri qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 329264 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 17 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, X1 vərəsəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 37, ev 305 ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o, miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X3 verilmiş **********80 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadəsində 0.01462 kv.m. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116.4 kv.m., yaşayış sahəsi 75.8 kv.m., yardımçı sahəsi 40.6 kv.m. olan 4 (dörd) otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində tam hissədə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi 80 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 37, ev 305 ünvanında Cavabdeh1, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı və qeyriləri qeydiyyatdadırlar. İş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/5735 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-35123/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-701/13 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3371/12 nömrəli iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3371/12 nömrəli iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2201/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “X13” Şirkətinin nümayəndəsi X6 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, “X13” Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi" tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X13” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməkı, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X16 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Säzış”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Bildirmişlər ki, “Hasilatın pay bölgüsü haqqında” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/5735 saylı ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X14) istifadəsinə verilmiş ərazidir və sahə Dövlət mülkiyyəti torpağıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışı ilə, fərdi yaşayış evi üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır”. Ali Məhkəmənin 2-1(102)-1233/15 saylı, 10 noyabr 2015-ci İİ tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X2sın istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır (Surəti əlavə olunur). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX *** **** saylı çıxarış özü-özlüyündə etibarsız inzibati aktdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi’’ tələbinə dair iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1233/15 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1105/15 saylı 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı “X13” şirkətinin hazırki iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış elektron etiraz ərizəsindən görünür ki, iş üzrə koordinatlar elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Lakin "xxxx" Şirkətinin yerli baxış zamanı götürdüyü və elektron məhkəmə sistemində (şəxsi kabinetdə) olan cizgisində qeyd edilən koordinatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən 1456 kv.m torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X13” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüdudları daxilində 142052 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Eləcə də cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi piezometrik fondda olan 142148 saylı işlək neft-qaz quyusunun 25 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 140496 saylı işlək neft-qaz quyusunun 58 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142181 saylı işlək neft-qaz quyusunun 63 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142022 saylı işlək neft-qaz quyusunun 66 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142200 saylı işlək neft-qaz quyusunun 75 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan 142046 saylı işlək neft-qaz quyusunun 90 metrlik məsafəsində, 142038 saylı ləğv olunmuş neft-qaz quyusunun 23 metrlik məsafəsində, 142140 saylı ləğv olunmuş neft-qaz quyusunun 25 metrlik məsafəsində, 142019 saylı ləğv olunmuş neft-qaz quyusunun 40 metrlik məsafəsində, 142026 saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, 142024 saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində, 142020 saylı ləğv olunmuş neft-qaz quyusunun 70 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativhüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) “maneənin aradan qaldırılması və mənəvi ziyanın tutulmasına” dair iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, 305b saylı fərdi yaşayış evi İddiaçı məxsusdur və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. İki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. İddiaçı adına olan hissə **********79-10301, digər hissə isə Cavabdeh1 adına olmaqla **********80- 10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə, məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı işdə qeyd olunan dörd elementin mövcudluğu obyektiv olaraq öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar