Məhkəmə qərarları › İş №2(001)-1023/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1023/2023

17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1023/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsində yerləşən 1A saylı evin 58 saylı mənzilindən onun payına düşən hissəsinə dair mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X5 06 mart 2022ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsində yerləşən 1A saylı evin 58 saylı mənzili atasından miras qalmışdır. 10 noyabr 2022-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, qardaşı – Cavabdeh ona xəbər vermədən 17 avqust 2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanı 12 saylı notariat ofisində atasının adına vərəsəlik işi açdırmışdır. İddiaçı 16 noyabr 2022-ci il tarixdə mərhum atasının vərəsəsi olaraq ondan miras qalan əmlaklardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə müraciət etmişdir. Lakin, notariat ofisindən ona qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi barədə cavab məktubu verilmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək, izahatında göstərmişdir ki, notariat ofisində iddiaçının qardaşının adına 17 avqust 2022-ci il tarixdə vərəsəlik işi açılmasına baxmayaraq, iddiaçıya notariat ofisinə çağırılmasına dair məktub notarius tərəfindən 29 oktyabr 2022-ci il tarixdə göndərilmiş, həmin məktubu iddiaçı 10 noyabr 2022-ci il tarixdə almışdır. İddiaçıya notariat ofisinə gəlməsi barədə məktub notarius tərəfindən qəsdən ləngidilmişdir. Atasının vəfatı iddiaçıya çox pis təsir etdiyindən, iddiaçı psixoloji sarsıntı keçirmiş, psixoloq tərəfindən hər gün müalicə almış, depressiyada olduğu üçün 2022-ci ilin avqust ayında ailəsi ilə birlikdə ölkə xaricinə getmişdir. Cavabdeh də məhz iddiaçının ölkədə olmamasından istifadə edərək həmin vaxt notariat ofisinə müraciət etmişdir. İddiaçı ölkəyə qayıtdıqdan sonra isə məlum hadisələrlə rastlamışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, onun iddiaçıdan başqa bir bacısı da vardır. O, evin tək oğludur və bacılarına daim maddi köməklik etmişdir. Mərhum atası xəstə olduğu zaman da məhz o, atasına qulluq etmişdir. Atasının vəfatından sonra o, vərəsəlik işi üçün notariusa müraciət etdikdə digər bacısı vərəsə kimi payından onun xeyrinə imtina etmişdir. İddiaçının da məlum vərəsəlik işindən məlumatı olmuşdur, belə ki, o özü iddiaçı ilə danışmasa da, digər bacısı iddiaçıya bu barədə məlumat vermişdir. O, digər bacısından bilmişdir ki, iddiaçı ailəsi ilə birlikdə gəzmək üçün ölkədən xaricə getmişdir. Bütün ailə bilmişdir ki, sözügedən ev ona qalmalı evdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayeva (Əlisultanova) Yeganə Arif qızının atası X4r. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 mart 2022-ci il tarixdə vəfat etmişdir. Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlandırılmış 29 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə vəfat etmiş atanız – X2 adına vərəsəlik işi açılmışdır. Miras qalmış əmlaklara dair vərəsəlik işinin rəsmiləşdirilməsi, vərəsəliyin qəbulu və ya imtinası ilə əlaqədar notariat ofisinə gəlməyiniz və ərizə ilə müraciət etməyiniz xahiş olunur. 16 noyabr 2022-ci il tarixdə İddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək, atasından miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Notariusun 16 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “... Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, siz qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmısınız, o cümlədən miras əmlakların faktiki idarəçiliyinə dair tərəfinizdən sübutlar təqdim edilməmişdir...” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki: Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcminin müəyyən edilməsi notariat qaydasında həll edilir. Notariusda vərəsəlik işinin açılması üçün də hazırda iddiaçının bu müraciəti etməsi üçün buraxdığı müddətin bərpası tələb olunur. Məhkəmə qeyd edir ki, qanunvericilik mirasın qəbul edilməsinin, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımının vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başladığını vurğulayır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Hazırki iddia ərizəsində iddiaçı müddəti buraxma səbəbi kimi atasının vəfatından keçirdiyi stres nəticəsində səhhətində və psixoloji vəziyyətində yaranan problemlərlə əlaqədar ölkədən getməsi ilə əlaqələndirmişdir, lakin bu, məhkəmə tərəfindən üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeini nəzərə alaraq hesab edir ki, iddiaçı X2 06 mart 2022-ci il tarixdə ölməsindən sonra psixoloji vəziyyətində yaranan problemlərin nədən ibarət olmasını, bu problemlərin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə müraciət etməsində maneələrin yaratması ilə bağlı yalnız formal mülahizələrə əsaslanmışdır. Halbu ki, sübutetmə yükü baxımından mirasın qəbul edilməsi müddətinin məhz üzürlü səbəbdən buraxılmasını bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər İşin məhkəmə araşdırılması ilə iddiaçının iradəsindən asılı olmayaraq notariat orqanına qanunvericiliklə nəzərdə tutulan müraciət müddətini üzrlü səbəbdən buraxması sübuta yetirilmir, iddiaçı tərəfindən göstərilən xüsusatları məhkəmə üzrlü səbəb kimi qəbul etmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar