Məhkəmə qərarları › İş №2(001)-1027/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1027/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1027/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonunun Muğan kəndində doğulmuşdur. Cavabdehlə Bakı şəhərində işlədiyi vaxtlarda tanış olmuş və aralarında səmimi münasibətlər yaranmışdır. Cavabdeh Bakı şəhəri, Tbilisi prospekti 3, məhəllə 1033 ünvanında yerləşən "xxxx" QSC-dən 30 iyul 2021-ci il tarixdə 28 ay müddətinə aylıq faiz dərəcəsi 2 faiz olmaqla, 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xahişi üzərinə "xxxx" QSC qarşısında zamin duraraq Fəqanın kredit borcunun ödənilməsi məsuliyyətini öz üzərinə götürmüşdür. Lakin sonradan Cavabdeh həmin krediti ödəməmiş, nəticədə Fəqanın kredit borcu onun tərəfindən "xxxx" QSC-yə ödənilmiş və həmin ödənişlərin qəbzləri vardır. Ödənilən məbləğ 2217 manat təşkil edir. O, Cavabdeh ödənilmiş pulları dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək, həmin pulu qaytarmaqdan imtina etmişdir. Ərizəyə əlavə edilmiş arayışdan və ödəniş qəbzindən görünür ki, tərəfindən Fəqanın əvəzinə 2217 manat məbləğində kredit ödənilmişdir. Həmin arayışın məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul olunmasını xahiş edir. Cavabdeh onun pulunu qaytarmadığı üçün o, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 470.1, 472.1 və 475.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 2217 manat məbləğində pul vəsaitinin və 42 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən zamin İddiaçı ünvanlanmış 027837 nömrəli məktubdan görünür ki, QSC tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, o, verilmə tarixi xx.xx.2021-ci il olan zamin qismində çıxış etdiyi 5000 manat məbləğli (kredit kodu: ***-***-**-**-**********58) öhdəliyi tam olaraq yerinə yetirmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh məxsus AZ65ACAB**********0000808072 nömrəli hesaba 2217 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətər hüquqi baxımdan zaminlik müqaviləsi üzrə borcalanla zamin arasında yaranmış münasibətlərdir. Bu baxımdan tərəflər arasında mübahisə öhdəliyi icra etmiş zaminin hüquqlarından bəhs edən Mülki Məcəllənin 475-ci maddəsinin müddəaları əsasında həll edilməlidir. Həmin normanın tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti öhdəliklərin zamin tərəfindən icra edilməsidir. Mülki işin materialları ilə təsdiq edilir ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh 5000 manat məbləğində kredit verilmiş, eyni zamanda həmin tarixdə "xxxx" QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və İddiaçı, yəni zamin (hazırki iş üzrə) iddiaçı borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, qalıq qalmış 2217 manat məbləğində kredit borcu İddiaçı tərəfindən icra edilərək ödənilmişdir. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və öhdəlik zamin, yəni hazırki iş üzrə İddiaçı tərəfindən tam icra edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 2217 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2217 (iki min iki yüz on yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 42 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar